Yurçeviç gedir - Azərbaycan millisində nələr dəyişə bilər?
- 25 Noy 2019 13:45
- 929
AFFA millimizin baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırır.
Rekord.az xəbər verir ki, bu haqda qurumun baş katibi Elxan Məmmədov dövlət radiosuna müsahibəsində bildirib. O deyib: “Yurçeviç qarşısına qoyulan məqsədə nail ola bilmədi. Qrupda yuxarı yerlərdə olmaq şərti qoyulmuşdu. Lakin vəzifənin öhdəsindən gəlmədi. Yəqin ki, onunla yollar ayrılacaq”.
Məlumat üçün bildirək ki, millimiz tarixinin ən pis nəticələrindən birini Avropa çempionatı 2020-nin seçmə çərçivəsində qrup oyunlarında göstərdi. Azərbaycan millisi N.Yurçeviçin rəhbərliyi altında seçmə mərhələdə qrupu 1 xal toplamaqla sonuncu yerdə başa vurub.
AFFA-nın verəcəyi qərar hər kəs tərəfindən düzgün qiymətləndirilir. Amma bununla belə, Yurçeviçi millinin başına gətirən AFFA-ya yönəlik sərt tənqidlər də səslənir ki, bu da səbəbsiz deyil. Belə ki, “Qarabağ”la son 6 ildə tarix yazan və yazmaqda davam edən əfsanəvi məşqçimiz Qurban Qurbanovu heç bir il millinin baş məşqçisi kimi saxlamayıb, onu Yurçeviçlə əvəzləyən məhz futbol federasiyamız idi. Onun gedişinin millimizə nələr gətirəcəyi barədə ən müxtəlif versiyalar səslənir. Çoxları problemin baş məşqçidə deyil, futbolumuzda olduğunu düşünür.
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev də fərqli düşünmür: “Baş katibin sözləri doğrudur. Amma karyerası boyu ciddi baş məşqçilik təcrübəsi olmayan, əsasən köməkçi-məşqçi kimi fəaliyyət göstərən birinin qarşısına böyük hədəflər qoyanda nəticə belə də olmalı idi. İlk səhv onu bu posta təyin etmək, ikinci səhv də qarşısında yuxarı pillələrdə qərarlaşmaq tələbini qoymaq idi. Yəni ilk məsuliyyət elə federasiya rəhbərliyindədir. O ki qaldı, konkret Yurçeviçə, hələ təyin olunduğu dövrün əvvəllərində də yazmışdım ki, bu adam yaxşı məşqçidir, amma bizə baş məşqçi lazımdı. Çünki milli komanda fərqli bir nəsnədi və orada səhvlər daha aşkar görünür, daha çox gözə girir. Bu posta güclü taktik, həmçinin güclü motivator, məşqçidən daha çox bir rəhbər lazımdı. Yurçeviçdə isə bu xarizma yoxdur. Bəlkə gələcəkdə olacaq, o daha yaxşı mütəxəssis olacaq, amma hazırda belə şey yoxdur. Azərbaycan yığması da təcrübə meydançası, məşqçi yetişdirmə kurslarına çevrilməməlidir. Güclü mütəxəssis tapılmalı, sükan ona tapşırılmalı idi. Tapılmırdısa, Qurban Qurbanovu saxlamaq, öz oyun fəlsəfəsini növbəti bir il ərzində tam yeritmək imkanı yaradılmalı idi. Bu da edilmədi. İndi nəticəsinə də qatlansınlar. Diqqətli olanlar görə bilərlər ki, son iki oyunu məhz Yurçeviçlə həm taktiki səhvləri, həm də komandanı vaxtında toparlaya bilməməsi üzündən oldu. Uelslə oyunda sol cinaha iki müdafiəçi qoyub sağ cinahı ciddiyə almamaq, elə qolu da o sağdan buraxmaq ən kiçik nümunədir. Daha detallı izah edə bilərəm, ancaq buna çox vaxt lazım olar. Slovaklara isə sırf psixoloji amillər üzündən uduzduq. Həm Uelslə oyundan sonra, həm də son matçın fasiləsində baş verənlər paltardəyişmə otağında liderin, rəhbərin yoxluğunu aşkarlığı ilə göstərdi. Futbolçular bu adamı ciddiyə almır, baş məşqçi kimi qəbul etmir, saymırlar. Başqa deyiləcək söz yoxdur”.
Futbol mütəxəssisi Yurçeviçin gedişinin nələrisə dəyişməyəcəyini düşünür: “İşin acınacaqlı tərəfi də odur ki, Yurçeviçin gedişi ilə nəsə dəyişməyəcək. Gələn qızıl yatağı üstünə gəlmir kiE Gələn də ölkədəki uzaqbaşı 35-40 nəfər arasından seçim edib, onlarla meydana çıxmalı olacaq. Potensial bəlli, görülə biləcək işlərin maksimumu bəlli. Ölkə futbolunun ciddi islahatlara, yenilənməyə, böyüməyə ehtiyacı var. İlk növbədə, elə qarşıdakı mövsümdəcə Premyer-Liqadakı klub sayı 10-a çatdırılmalı, əsasən region təmsilçilərindən heç olmasa biri elitaya gətirilməlidir. Region Liqasına ikinci divizion status verilməli, bu mövsüm yaxşı çıxış etmişlər gələn mövsümdən I Diviziona qaldırılmalıdır. I Divizionda mənasız, yersiz, biabırçı yaş limiti götürülməli, turnir yeniyetmələr birinciliyi statusunda qurulmalıdır. Milli komandaya gələn məşqçiyə yalnız əsas yox, aşağı yığmalar da tapşırılmalı, onun fəlsəfəsinə uyğun sistem qurulmalıdır. Bunu Qurban Qurbanov etməyə başlamışdı, ancaq federasiya sözünün üstündə durmayaraq 6 il əvəzinə 1 il işləmək imkanı verib bu prosesi elə bələkdəcə boğdu. Mən düşünürəm ki, millinin baş məşqçisi fəlsəfə olaraq məsələn, 4-5-1 və top saxlama üzərində oyun qurursa, U-21, U-19, U-17 və s. aşağı yaş yığmaları da eyni oyunu oynamalı, məhz bu yolla əsas yığmada rahat oynaya biləcək, ən azından taktiki baxımdan adaptasiya üçün vaxt itirməyəcək. Bütün bunlarla yanaşı, hamının dediyi, ancaq heç cür həllini tapmayan uşaq futbolu və kütləvilik məsələsi çözülməlidir. Ölkənin yarısında uşaqların oynamağa topları yoxdur, topları! Ölkədə 40 dənə Olimpiya-İdman Kompleksi var, ancaq onların ən azı meydança potensialından lazımi dərəcədə istifadə olunmur. Ölkə ərazisinin bəlkə də 50 faizində faktiki olaraq futbol yoxdur. Bəs bu futbolçu haradan çıxsın, millinin baş məşqçisi zədələnən, cəzalanan, formada olmayan, səviyyəsi yetərli olmayan oyunçuların yerinə kimi oynatsın? Ritorik sual oldu, deyəsən. Xarici məşqçinin Azərbaycanda işləməsi üçün heç bir rəvac yoxdur. Bizim oyunçuların yarıdan çoxu ölkə xaricindəki böyük klublarda, güclü çempionatlarda oynamırlar ki, orda onlara keçilən məşq burda keçilməsin. Bəhlulu, Təmkini, Rahili, Şəhriyarı, Dmitrini, Arazı elə burdakı məşqçilər də oynada, xaricidən daha yaxşı motivasiya verə bilər. Odur ki, ya super səviyyəli, adlı-sanlı birisi gəlməlidir, ki, gəlməz, gəlsəydi, Yurçeviçə möhtac olmazdıq. Ya da yerli, amma mütləq və mütləq nisbətən gənc birisi olmalıdır. Çünki köhnələrin nəyə qadir olduqlarını, daha doğrusu, olmadıqlarını görmüşük, eyni ssenari ilə acı çəkmək istəmirik”.
“Yeni Müsavat”