Yurçeviç: “Komandadan yaxşı oyun gözləyirik”
- 12 Okt 2019 20:46
- 791
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasına qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün Budapeşt şəhərində təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda üçün vacib oyun olacaq. Rəqibin hələ də şansları qalır. Biz isə yüksəlişi davam etdirmək istəyirik. Uels və Xorvatiyaya qarşı yaxşı oynamışdıq. Bəhreyni isə isti hava şəraitinə rəğmən, yenmişik. 3 cəzalı oyunçumuz, bəzi zədəlilərimiz var. Buna baxmayaraq, komandamızdan yaxşı oyun gözləyirik. Xorvatiyaya 0:3 hesablı məğlubiyyətlərinin fərdi səhvlərdən qaynaqlandığını düşünürəm. Onların öz meydanlarında gözəl oynayacaqlarını düşünürəm".
Xorvatiyalı mütəxəssis bildirib ki, ardıcıl qollar vurmaları yaxşı haldı. O, Macarıstanla şəxsi oyunlardakı mənfi statistikaya son qoymağa çalışacaqlarını diqqətə çatdırıb: "Açığı, uğurlu nəticə təqdirində buradan özümlə nə aparmaq haqda düşünməmişəm. Ola bilsin, hər hansı suvenir və ya Macarıstan şərabı götürmək olar".
53 yaşlı baş məşqçi Mahir Emreli kimi hücumçusuz gəldiklərinə diqqət çəkərək, Ağabala Ramazanovun da özünü yaxşı tərəfdən göstərəcəyinə ümidvar olduğunu söyləyib: "Ümid edirəm ki, rəqib baş məşqçi Marko Rossinin sadaladığı yaxşı oyunçularımız siyahısına Ramazanov da qoşulacaq".
Yurçeviç Bəhreynlə qarşılaşmada zədə üzündən forma geyinməyən Qara Qarayevin hazırda vəziyyətinin yaxşı olduğunu və komandanı kapitan kimi meydana çıxaracağını əlavə edib. O, xəstəliyi ilə əlaqədar yoldaşlıq görüşündə çıxış etməmiş Pavel Paşayevin də hazıda formada olduğunu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 13-də "Qroupama Arena"da keçiriləcək Macarıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.