Yusubovdan Fransada gümüş medal
- 02 İyl 2024 20:34
- 272
Fransada çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi baş tutub.
Rekord.az xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində keçirilən yarışda ölkəmizi Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.
İlk dəfə çimərlik yarışında iştirak edən Babazadənin debütü uğurlu alınmayıb. Rəşid B qrupunda amerikalı Castin Benjaminə (3:0) qalib gəlsə də, ukraynalı İvan Semyonovla (1:4) fransalı Kuentin Stikerə (2:3) məğlub olduğu üçün qrupda 3-cü pillədə qərarlaşıb və mübarizəni erkən başa vurub.
Ramiz Həsənov (80 kq) isə A qrupunda yunanıstanlı Xristos Xristoforidisi sonuncu xal prinsipinə əsasən üstələyib (1:1), fransalı Huqo Kuenoya isə uduzub – 0:3. Həsənov da yarışı qrup üçüncülüyü ilə tərk edib.
İbrahim Yusubov (90 kq) isə ilk mərhələdə rəqiblərinə heç bir şans tanımayıb. Dünya çempionumuz A qrupunda həm fransalı Matis Mayrandı, həm yunanıstanlı Georgios Tsaknakisi, həm də moldovalı Trayan Kapatinanı 3:0 hesabıyla məğlub edib. Yusubov yarımfinalda ukraynalı Demid Karaçenkonu da eyni hesabla üstələyib. Finalda yenidən Kapatinayla qarşılaşan İbrahim bu dəfə 1:4 hesabıyla məğlub olaraq, gümüş medalla kifayətlənib.
Dünya Seriyasının növbəti mərhələsi iyulun 20-21-də Rumıniyada keçiriləcək.