Almaniyanın “Borussiya” klubu İtaliya çempionu “Yuventus”dan icarəyə götürdüyü Emre Canın transfer hüquqlarını da alıb.

Rekord.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türk əsilli almaniyalı futbolçu “Borussiya” tərəfindən bu qış icarəyə götürülmüşdü. Amma bu ilin iyul ayının 1-də dortmundlular 26 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaqlar. Klubdan verilən məlumata görə, artıq bu transferlə bağlı “Yuventus”la razılığa gəliblər. Turin təmsilçisi də bu transferi rəsmi saytı vasitəsilə təsdiqləyib. İtaliya klubu hətta “Borussiya”nın Cana görə onlara 25 milyon avro ödəyəcəyini də açıqlayıb.

“Bavariya”nın yetirməsi olan Emre Can, “Bayer” və “Liverpul”da da çıxış edib. O, həm də Almaniya yığmasının şərəfini qoruyur.