“Yuventus”un keçmiş forvardına silahlı hücum
- 08 Yan 2020 19:00
- 702
Serbiya yığmasının və “Yuventus”un sabiq futbolçusu Darko Kovaçeviç silahlı hücuma məruz qalıb.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Afinada, keçmiş hücumçunun evinin yaxınlığında baş verib.
Hadisəni törədən şəxslər 46 yaşlı Kovaçeviçi silahla vurmaq istəyiblər. Daha sonra cinayətkarlar serbiyalı keçmiş futbolçunun avtomobilini yandıraraq, hadisə yerindən uzaqlaşıblar.
Dizindən yaralanan Kovaçeviç xəstəxanaya aparılıb. Kovaçeviçin güllə yarası alıb-almadığı isə məlum deyil. Hadisə yerində araşdırma aparan polislər yanmış maşının içindən silah tapıblar.
Kovaçeviç karyerası ərzində “Latsio”, “Yuventus”, “Real Sosyedad” kimi klubların formasını geyinib. O, karyerasını 2009-cu ildə Yuanıstanın “Olimpiakos” klubunda başa vurub.