Zaur Həşimov: “Bunlar taktiki deyil, fərdi-texniki səhvlər idi”
- 11 Yan 2020 20:08
- 862
“Zirə”nin baş məşqçisi Zaur Həşimovun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün qarşılaşdıqları “Ümraniyəspor”la yoxlama oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra klubun mətbuat xidmətinə bunları söyləyib:
“İlk oyun üçün istəyimiz fiziki yüklənməni meydanda tətbiq etmək idi. Ümumən götürsək, buna nail ola bildik. Sadəcə, adi epizodlarda top itkilərinə və müdafiədə həddən artıq lazımsız səhvə yol verdiyimzə görə məyus olduq. Bunlar taktiki deyil, fərdi-texniki səhvlər idi. Belə çatışmazlıqlara görə hesab 0:3 oldu. Ancaq hesaba baxmayaraq, bu oyun üçün qarşıya qoysuğumuz planı yerinə yetirə bildik. Nəzərə alaq ki, ağır fiziki yüklənmələrlə məşq edirik. Futbolçuların bir qədər yorğun görünməsi normaldı. Rəqib komandada isə fərqli idi, “Ümraniyəspor” tam hazır, formasının pikindədi, bir neçə gün sonra onların liqası başlayacaq. Biz isə hələ yüklənmələrin əvvəlindəyik".