Zaur Həşimovlu “Zirə” ilk sınağında “Qəbələ”yə uduzdu
- 12 Okt 2019 18:40
- 835
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Zirə” və “Qəbələ” klubları bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, sözügedən komandalar Bakı Olimpiya stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər.
“Zirə”yə yeni baş məşqçi təyin olunan Zaur Həşimov debüt matçında aşağıdakı heyəti meydana buraxıb: Orxan Sadıqlı, Elvin Camalov, Anastasios Papazoqlu, Alvaro Ampuero, İlkin Muradov, Soni Norde, Bəxtiyar Həsənalızadə, Adrian Skarlatake, Riçard Qadze, Şafik Tiqrudca, Nicat Süleymanov.
“Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev isə aşağıdakı start heyətinə şans verib: Tərlan Əhmədli, İviça Zuniç, Sadiq Quliyev, Qismət Alıyev, Yusif Nəbiyev, Asif Məmmədov, Fernan Lopez, Klesio Bauk, Ülvi İsgəndərov, Kristian Kuaku, Roman Hüseynov.
Qarşılıqlı hücumlarla keçən matçın ilk yarısı qolsuz başa çatıb. Fasilədən sonra Merab Qiqauri, Davit Volkov və Murad Musayev oyuna daxil olublar. Məhsuldar keçən ikinci hissənin əvvəlində Klesio Bauk hesabı açıb. Az keçməmiş mozambikli yarımmüdafiəçi rəqib qapısına daha bir dəfə yol tapıb. “Zirə” bu toplardan birinin əvəzini çıxa bilib. Baxşıyev matçın sonlarında daha iki futbolçu – Vüsal Məsimovla Rüstəm Nuruyevə də şans verib.
Beləliklə, “Qəbələ” “Zirə” ilə yoxlama oyununda 2:1 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
12 oktyabr
Zirə - Qəbələ 1:2
Qollar: Soni Norde – Klesio Bauk (2).