Rekord.az Azərbaycan millisinin sabiq hücumçusu Zaur Ramazanovun “Football-plus.az” saytına müsahibəsini təqdim edir:

 



- “Neftçi”nin “Olimpiakos”la görüşü barədə təəssüratınızı bölüşərdiz...
- Deyərdim ki, oyun sönük keçdi. Onlar ümidsiz gəlmişdilər, ümidli getdilər. Rəqibin bir neçə oyunçusunun oynamadığını bilirdik. “Neftçi” bir az qorxaq futbol oynadı. Komandada hücumcu demək olar ki, yoxdu. Gərək öncədən bu məsələni fikirləşərdilər.

- Hər kəs Mirabdulla Abbasovu qınayır. Hücumçuda nə çatmır ki, özünü yaxşı tərəfdən göstərə bilmir?
- İstənilən oyunçu əsas heyətdə oynamırsa, onun üçün çətin olur. Matça sonradan girib, gec qoşulmaq asan deyil. Mirabdulla pis hücumçu deyil. Sadəcə, daim oynamamaq belə nəticəyə gətirib. İstedadı var. Deyə bilmərəm ki, yüksək səviyyədə driblinqi var. Lakin qol vurmağı bacaran futbolçudu.

- Avrokuboklardakı 4 komandamızın da əsas hücumçuları azərbaycanlıdı. İki həftə ərzində 5 oyuna bir qol belə vura bilməyiblər. Yerli hücumçuların problemini nədə görürsüz?
- Bizdə hücumçular çox vaxt legionerlər olur. Mahirdi, o da artıq burda deyil. Ramil Şeydayevdi, onun qol duyumu çox zəifdi. Mən onu güclü hücumçu hesab etmirəm. Çünki Şeydayevdə mən heç nə görmürəm. “Qarabağ” gərək Musa Qurbanlını oyuna salsın. Ötən dəfə pis təsir bağışlamadı. Gənclərə şərait yaradılmalıdı. Onlar oynamalıdı. Bizdə belədi ki, futbolçu 1 oyun oynaya bilmədisə, üstündən xətt çəkirlər. Onun potensialına baxmaq lazımdı, "qab"ında varsa, nə vaxtsa çıxaracaq ortaya. Sadəcə, səbir və vaxt lazımdı. Mahmud Qurbanovun komandası çempion oldu. Orda yaxşı uşaqlar var idi. Amma elə yerlərində qaldılar. Heç bir komanda onları dəvət etmədi. Ümumiyyətlə, bizdə yaxşı oyunçular var. Lakin üzərlərində işləyən yoxdu. Hamısı hazır oyunçu axtarır. “Qarabağ”ı başa düşmək olar. Onlardan gözləntilər böyükdü. Yerli də oynadırlar, legioner də axtarırlar. Amma ortabab klublar oyunçu yetişdirməlidi.

- Klublarımızın bugünkü oyunlarına baxacaqsız?
- Əlbəttə, baxacam. Çalışacam hamısını izləyim.

-Kimlərin mərhələ keçmək şansları var?
- Artıq “Keşlə” öz şanslarını itirib. Onlar missiyalarını başa vurublar. Əvvəldən də demişdim ki, onlardan heç nə gözləmirəm. Məncə, “Qarabağ” 1:0, ya da 2:0 udacaq. Rahat mərhələ keçəcəklər. “Sumqayıt”ın udacağına inanmıram. “Çukariçki” asan rəqib deyil.