Zəfər Gününə həsr olunan ölkə birinciliyinin qalibləri bəlli oldu
- 03 Noy 2023 18:50
- 357
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub.
Rekord.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı bacarığını göstərib.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qızlar arasında Yağmur Məmədli ölkə çempionu adını qazanıb. Banu Baytallı ikinci, Leyli Məmmədova ilə Rüqəyya Qasımzadə üçüncü yeri tutub.
Oğlanların mübarizəsi Onur Quluzadənin qələbəsi ilə nəticələnib. Şakir Qədirov ikinci, Vaqif Babayevlə Ruslan Kərimov üçüncü olub.
Fərqlənən idmançılara AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.
Qeyd edək ki, birinciliyin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlarda vətənpərvərlik hissinin aşılanmasıdır. İki gün davam edən yarışlar həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyət daşıyıb.