“Sumqayıt”ın əsas və əvəzedici komandasında işlər qaydasında getməsə də, akademiyada son illərdə müsbətə doğru dəyişikliklər nəzərə çarpmaqdadır. Artıq əksər komandalar öz yaş qrupları üzrə çempionatlarda iddialı olmağa, medallar uğurunda mübarizə aparmağa başlayıb. “Sumqayıt”ın U-14 komandası da inkişafda olan yaş qruplarından biridir. Komandanın baş məşqçisi ötənlərin tanınmış futbolçusu, çoxlarının “Ziko” ləqəbi ilə tanıdığı Zahir Əsgərovdu. Köməkçisi isə başqa bir veteran futbolçu Rasim Əhmədovdu. Hazırda bu komanda ilk mərhələ oyunlarından sonra paytaxt zonasında liderdi. 21 oyundan 19-da qalib gəlib, cəmi ikisində heç-heçə edən və 59 xal toplayan Əsgərovun komandası final mərhələyə vəsiqəni çoxdan təmin edib. Sumqayıt təmsilçisi “Sabah”, “Neftçi”, “Qarabağ” kimi komandaları qabaqlayıb. Bombardirlər yarışında da ilk iki pilləni məhz bu komandanın futbolçuları tutur.  Əli Cəlilzadə, 20, Əli İsrafilov isə 19 qola imza atıb.2014-cü ildən “Sumqayıt” Futbol Akademiyasında çalışan Əsgərov bir sıra futbolçuların üzə çıxmasında böyük rol oynayıb.

 

Rekord.az-a açıqlamasımna da elə o dövrdə başladıq: “Sumqayıt”a gəlməmişdən öncə AFFA-nın “Bakcell layihəsi”ndə məşqçi kimi çalışırdım. Gözəl layihə idi. Daha çox kimsəsiz, imkansız uşaqlarla çalışırdıq, onları pis vərdişlərdən uzaqlaşdırıb futbola cəlb edirdik. Bu gün U-19 millisinin qapıçısı olan Xəyal Fərzullayev məhz həmin layihənin yetirməsidir. 2014-də “Sumqayıt”a gələndən sonra ilk çalışdığım komanda U-14 oldu. Hazırda “Sumqayıt”ın əsas komandasında forma geyinən Səbuhi və Rüfət Abdullazadələr böyük futbola o vaxt məhz məndə başladılar. Sonradan mərhələ-mərhələ 2005-06-07-ci il təvəllüdlü futbolçularla işlədim. “Bakcell layihəsi” fəaliyyətini dayandırandan sonra ordan bir çox istedadlı futbolçuları da “Sumqayıt” Futbol Akademiyasına cəlb etdim. Hazırda 2009-cu il təvəllüdlü futbolçulardan təşkil olunan U-14 komandasına rəhbərlik edirəm. Hansı ki, bu komanda ötən mövsüm U-13 liqasının qalibi olmuşdu”.

 

Həmsöhbətimiz daha sonra U-14-ün hazırkı uğurlu çıxışı haqda danışıb: “Öncə ondan başlayım ki, çətin oldu. Çünki komanda bir növü böyük futbola keçid elədi. 13 yaşlıların çempionatında futbolçu sayı daha az, meydança ölçüləri daha kiçik olur. Lakin U-14 liqasında artıq böyük futola qədəm qoyursan. Elə futbolçular var ki, bu keçidi uğurlu edə bilmir. Çünki güc, dözümlülük, uyğunlaşma, bunlar hamısı vacib şərtlərdi. Üstəlik, Bakı zonasında oynadığımızdan rəqiblərimiz də çox güclü idi. Onlar üçün güclü futbolçu seçimi daha çox idi, amma biz daha çox Sumqayıtdan seçdiyimiz futbolçularla oynamalı olduq. Əksəriyyət bizim bu zonada uğurlu çıxışımızı gözləmirdi. Amma biz bunun əsini sübut edə bildik. Mövsümə “Qarabağ”la səfər matçı ilə başlayanda komanda yeni yığılmışdı, tam formalaşmamışdı. Lakin biz qələbə qazandıq və bununla da uğurlu çıxışlarımızın ardı gəlməyə başladı. Hazırda 21 oyundan 19 qələbə və 2 heç-heçə ilə vahid liderik, növbəti mərhələyə vəsiqəni təmin etmişik. Növbəti mərhələdə bizim zonada ilk 6 yeri tutan komandalara regionerlardan gələn qalib komandalar da qoşulacaq və final mərhələyə start veriləcək. Düzdür, qarşımıza mütləq şəkildə çempionluq şərti qoyulmayıb. Amma özümüzün daxilində bu istək var. Başa düşürük ki, ağır olacaq, lider komandaya qarşı hamı ikiqat güclə mübarizə aparacaq, amma çalışacağıq ki, biliyimizdən, təcrübəmizdən maksimum istifadə edib final mərhələdə də yüksək nəticə qazanaq”.

 

 

Əsgərov final mərhələyə hazırlıq haqda danışdı: “Üzərimizdə məsuliyyət böyükdür. Etiraf edək ki, yaxın illərə qədər akademiyamızda nəticələr ürəkaçan deyildi. Amma son illərdə müsbətə doğru ciddi dəyişikliklər var. Hazırda demək olar ki, əksər komandalarımız ilk “beşlik”də yer alıb. Akademiyamızın baş koordinatoru Hakan Sünal da bildirib ki, akademiya tarixində bu cür uğurlu dönəm olmayıb. Yeri gəlmişkən, bu dəyişiklikdə, inkişafda Hakan bəyin də xüsusi rolunu qeyd etməliyəm. Məhz onun gəlişindən sonra akademiyada konkret sistem, sturuktur quruldu. Bütün komandalar vahid sistemlə inkişaf etməyə başladı. Komandalarda məşqçi sayı artırıldı, vahid proqram tutuldu, iş sistemu müəyyənlışdirildi. Bu gün hər bir məşqçi məşqlərlə, oyunlarla bağl ayrıca hesabat verir. Hazırlığa gəlincə, bizdə olan məlumata görə, paytaxt zonasında ilk “altılıq”da qərarlaşan bəzi komandalar artıq heyətlərini gücləndirməyə başlayıb, ilk “altılıq”dan kənar qalan komandalarda seçilən futbolçuları heyətlərinə qatılar. Bizim belə bir imkanımız yoxdur. Maraqlandığımız bir neçə futbolçu oldu, onlarla da bizdən asılı olmayan səbəbdən anlaşa bilmədik. İstənilən halda, özümüzdə olan futbolçularla belə, maksimum gücümüzü qoyacağıq ki, yaxşı nəticə qazanaq. Çünki lider olduğumuz üçün diqqətlər üzərimizdədir. Bakı komandalarında da hamı bizdən danışır. Bunlar isə məsuliyyətimizi birə-beş artırır. Hazırda zona yarışlarının bitiminə bir tur qalıb, aprelin 1-2-i oynanılacaq. Ondan sonra final mərhələsinin hazırlığına başlayacağıq”.

 

Zahir müəllim perspektiv vəd edən futbolçularından da danışdı: “Pünhan Kərimov var müdafiəçi idi, hücumda oynadıram. Komandanın liderlərindən biridir, 12 qol vurub, çox sayda məsuldar ötürmə verib. Komandamızın və çempionatın bombardirləri Əli Cəlilzadə və Əli İsrafilovun adlarını çəkə bilərəm. Həmçinin Tunarı, Nurlanı, Amili də qeyd edərdim. Təbii ki, komanda liderdisə, demək ki, güclü futbolçular da var. Onu da deyim ki, artıq paytaxt komandalarından da bizim futbolçularımıza ciddi maraq var".

 

Həmsöhbətimiz məşqçi kimi öz fəlsəfəsi, məşq prosesi uşaqlarla ünsiyyət və s. məsələlər haqda da fikirlərini bölüşdü: “İlk növbədə məşqçi psixoloq olmalıdır. Hər uşağa fərdi yanaşmalısan. Elə uşaq ola bilər ki, sənin hansısa zarafatın ona xoş gələr, elə uşaq da ola bilər ki, əksinə, küsə bilər. Uşaqla dost olmalısan, uşaq səni səni sevməlidir, məşqə həvəslə, sevinə-sevinə gəlməlidir. Məşqçi uşağın üstünə qışqırırsa, təhqir edirsə, orda heç bir nəticə olmayacaq. Uşaqla dost ola bildinsə, qalan şeylər özü yolunda gedəcək. Hətta xarakterində problem olan uşağı da birdəfəlik silib atmaq olmaz. Çalışıb onu da qazanmalısan. Bir sözlə, bütün uşaqlara öz övladın kimi yanaşmalısan. Bizim valideynlərlə də bu barədə söhbət olur, təbii ki, onlarla da danışırıq, çalışırıq uşaqları pis vərdişlərdən birlikdə kənar saxlayaq. Sağ olsunlar, bizim uşaqların valideynləri də bu barədə bizə kömək olur. Bəzən hərəsi öz şəxsi avtomobili ilə oyunlarımıza gəlir, 7-8 maşın valideyn gəlir əsl azarkeş qrupu yaradırıar (gülür)”.

 

Anar XANLAROV