“Zirə”ni səfərdə məğlub etmək asan iş deyil” - Ayxan Abbasov
- 25 Avq 2024 23:41
- 144
“İlk qələbəmiz idi. Rəhbərliyi, futbolçuları, azarkeşləri təbrik edirəm”.
Rekord.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 4-cü turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, səfərdə qazandıqları qələbəni (1:0) belə şərh edib: "Bilirdik ki, “Zirə” üçün çətin olacaq. Çünki ağır oyundan gəlmişdilər. Avrokuboklarda oynayan komandalarımız hələ ki, çempionatda çətinlik çəkirlər. Normaldır. Bu fürsətdən yararlanmaq lazım idi. Yeni futbolçularımız var. Hesab nə olursa-olsun futbolçularım əzmkarlıq göstərdilər, xal qazanmaq üçün mübarizə apardılar. Bu oyunlar bizə lazımdır. Hər xal bizim üçün qızıl olacaq. Bu xal da elədir. Bu gün əzmkar olmasaydıq, “Zirə” ustalıq sarıdan bizdən üstün idi, rahat qalib gələrdilər. Onlara imkan vermədik. Birinci hissədən daha çox razı qaldım. İkinci hissədə dəyişikliklərdən sonra üstünlük rəqibə keçdi".
Abbasov məqsədlərinin Premyer Liqada qalmaq olduğunu bildirib: "Bu suala hər dəfə geniş cavab verə bilərdim. Digər komandalarda işləyəndə də, bizdə sanki məqsəd istəyirlər ki, nəyisə tez bir zamanda nəticə verəsən, harasa gedəsən. Məqsəd çempionatda qalmaq, yuxarı yerlər üçün vuruşmaq, yeni oyunçular çıxarmaqdır. Bizdə U-21 millisindən üç oyunçu çıxış edir. Yenidən komanda qurmaq çox çətindir. Məncə, məşqçilikdə ən çətin işlərdən biri seleksiyadır. Daha sonra komandanı inandırmaq lazımdır. Hər qələbə bütün komanda və mənim üçün böyük stimuldur. “Zirə”ni səfərdə məğlub etmək asan iş deyil. “Zirə” keçən il çox möhkəm komanda idi. Kubokun finalında oynadı. Avrokuboklarda son oyunu çıxsaq, məncə, bu il “Zirə” çox yaxşı çıxış etdi. “Zirə”nin seleksiyasına baxsaq, “Qarabağ”a başağrısı olacaq. Məğlubiyyətlər bəzən qaçılmazdır. Belə komandanı məğlub etmək bizim üçün stimuldur".