“Zirə”nin cəriməsi ləğv olundu, “Keşlə”nin futbolçusuna endirim
- 02 Dek 2019 13:20
- 891
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə” və “Keşlə” klubları tərəfindən verilmiş appelyasiya şikayətinə baxıb.
Rekord.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı “Zirə” və “Keşlə” klubu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsinə qərar verib:
AFFA-nın İntizam Komitəsinin 5 noyabr 2019-cu il tarixli qərarı ilə 3 noyabr 2019-cu il, 2019/2020 mövsümündə 28-ci Premyer Liqasının 10-cu turunun “Zirə” – “Sumqayıt” matçında “Zirə” komandası oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə klubun 800 manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.
Oyunun ikinci hissəsi “Zirə” Peşəkar Futbol Klubu üzündən 2 dəqiqə gec başladığına görə klubun 2400 manat cərimə olunması qərarı ləğv edilsin”.
“Keşlə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
AFFA-nın İntizam Komitəsinin 26 noyabr 2019-cu il tarixli qərarı ilə 24 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, 28-ci Premyer Liqanın 12-ci turunun “Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə” klubunun 10 nömrəli futbolçusu Sezar Meza Kollinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı birə endirilməklə qalan iki oyunda cəzadan şərti olaraq azad edilsin.
Transfer pəncərəsi dövrü istisna olmaqla mövsümün növbəti üç ayı ərzində futbolçu qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv edilsin, indiki cəzanın çəkilməmiş iki oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunsun.