Futbol üzrə Azərbaycan kubokunun 2019/20 mövsümünə 1/8 final mərhələsindən başlayan “Zirə” “Qaradağ Lökbatan”la ev oyununda 4:0 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, bu, “qartallar”ın cari mövsümdə ilk böyükhesablı qələbəsidi. Sözügedən komanda bunadək sonuncu dəfə 3 və ya daha çox top fərqi ilə 2019-cu il mayın 11-də qalib gəlib. Həmin gün “Sabah”la Premyer Liqadakı səfər görüşündə zirəli futbolçular üç cavabsız qola seviniblər.

Ümumilikdə isə “Qaradağ Lökbatan”la matçdakı nəticə “Zirə”nin tarixində 14-cü böyükhesablı qələbədi. 8-ci dəfə evdə belə qalibiyyət əldə edən komanda 6 dəfə rəqib meydanlarında uğur qazanıb.

Premyer Liqa və Birinci divizionun hərəsində 6 böyükhesablı qələbəsi olan “Zirə” Azərbaycan kubokunda ikinci dəfə belə nəticəyə imza atıb. İlk belə hadisə 2017/18 mövsümünün 1/8 finalında “Xəzər”lə görüşə təsadüf edib. 2017-ci il noyabrın 29-dakı matçda “qartallar” üç cavabsız qola sevinib.

Bu dəfə qonaqların qapısından daha çox – 4 top keçirən “Zirə” Azərbaycan kubokunda özünün ən böyükhesablı qələbəsinə imza atıb. Ümumiyyətlə isə komandanın 14 belə uğurundan ikisi 6, biri 5, üçü 4, səkkizi 3 top fərqi ilə olub.

Qeyd edək ki, klub tarixinin ən böyükhesablı qələbələri 2014/15 mövsümündə qeydə alınıb. Birinci divizionda çıxış edən “Zirə” “Energetik”i evdə, “Göyəzən”i səfərdə 6 cavabsız qolla yenib.