“Zirə”nin “Qəbələ” ilə 18-ci sınağı
- 29 Noy 2019 16:20
- 770
“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, sözügedən komanda 13-cü turda “Qəbələ” ilə qarşılaşacaq.
Noyabrın 30-na təsadüf edəcək görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Bu, “qartallar”ın mövsümün ilk yarısında çempionatdakı son səfər sınağı olacaq.
Qəbələdəki matç iki komanda arasında 18-ci duel kimi tarixə düşəcək. İndiyədək Premyer Liqada 17 dəfə yolları kəsişən rəqiblərin matçlarında daha çox heç-heçə qeydə alınıb. 8 dəfə sülhlə ayrılan komandaların oyunlarında “Zirə” 4, “Qəbələ” 5 dəfə qalib gəlib. 15 qol vuran “Zirə” öz qapısından 19 top buraxıb.
Son üç qarşılaşmada meydanı qolsuz tərk etməyən “qartallar”ın 11 futbolçusu “Qəbələ”nin qapısına yol tapıb. Onlardan dördü daha çox – hərəyə 2 dəfə fərqlənib. Bunlar Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriçdi.
“Zirə” 9-cu dəfə Qəbələnin eyniadlı komandasının qonağı olacaq. Səfərdə 1 qələbəsi olan paytaxt klubu 5 dəfə səfərdən bir xalla dönüb. 3 görüşdə xalsız qalan komanda 6 qol vurub, 8-ni buraxıb.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 15:00-da başlayacaq.