“Zirə”nin türkiyəlilərlə 6-cı dueli
- 11 Yan 2020 16:20
- 899
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” yanvarın 11-də ilk yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, ayın 8-dən qonşu ölkədə olan “qartallar” yerli “Ümraniyespor”la üz-üzə gələcək.
Əsası 1938-ci ildə qoyulan İstanbul təmsilçisi Türkiyənin 1-ci liqasında mübarizə aparır. Ötən mövsümü 8-ci pillədə başa vuran komanda cari çempionatın 17 turundan sonra 25 xalla 7-ci sırada qərarlaşıb.
“Ümraniyespor”la görüş “Zirə”nin Türkiyə klubları ilə 6-cl dueli olacaq. İndiyədək elə qonşu ölkədə təşkil olunan toplanışlar çərçivəsində 5 yoxlama matçı baş tutub. İlk belə matçlar 2016-cı ilin yayına təsadüf edib. “Qaziantep” BB ilə qarşılaşmada Təmkin Xəlilzadənin qolu ilə 1:0 hesablı qələbə qazanan “Zirə” “Göztəpə” ilə bərabərə qalıb – 1:1. Bu dəfə Elvin Məmmədov fərqlənib.
İki il sonra yay toplanışında da türkiyəlilərlə iki sınaq gerçəkləşib. “Girəsunspor”la görüşdə qol vurulmayıb. “Osmanlıspor”la matçda isə rəqibin avtoqolu “Zirə”yə minimal hesablı qələbə qazandırıb.
Son duel ötən yay baş tutub. Əvvəlki 4 qarşılaşmada 2 qələbə və 2 heç-heçəsi olan “qartallar” ilk məğlubiyyətini “Adana Dəmirspor”dan alıb - 2:3. Qonşu ölkə təmsilçisinin qapısına Şefik Tiqrudja və Soni Norde yol tapıb. Bu beş oyunda 5 qol vuran “Zirə” futbolçuları 4 top buraxıblar.
Qeyd edək ki, ümumilikdə Türkiyədə 26 beynəlxalq yoxlama görüşünə çıxan “Zirə” 11 dəfə qalib gəlib, 5 heç-heçə edib, 10 dəfə uduzub. Top fərqi də qəsəbə təmsilçisinin xeyrinədi - 36-25.