"Zirvə Astara" Azərbaycan çempionu elan edildi!
- 03 Apr 2020 21:06
- 1487
Məlum olduğu kimi, basketbol üzrə Super Liqanın fevral ayının 29-da keçirildiyi 20-ci turundan sonra Respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə 27-ci Azərbaycan Çempionatının oyunlarında məcburi fasilə yaranıb.
Rekord.az xəbər verir ki, fasiləyə qədər "Zirvə Astara" 38 xal, "Atom" 34 xal, "Gəncə" BK isə 32 xal ilə Super Liqanın 1-ci, 2-ci, 3-cü yerlərini bölüşdürürdülər.
Dünyada qlobal COVİD-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FİBA) da 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.
Bununla əlaqədar Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti aprelin 3-də virtual video-iclas keçirib. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Super Liqanın turnir cədvəlində mövcud sıralanmaya əsasən "Zirvə Astara" klubu Azərbaycan çempionu elan edilib.