Zirvədə məğlub olan "Zirə"
- 28 May 2022 10:50
- 904
Ötən mövsümün sonunda baş verənlər hamımızın gözünün önündə, xatirindədi. Mübarizənin sonuna doğru “Stuxlikin desantları” meydana çıxdı, yaşıl meydanlarda “qara paltarlı adamlar” qara işlər gördülər. Nəticəsi də hər kəsə bəllidi. Bu hoqqalardan ən çox ziyan çəkən isə “Zirə” oldu. Gənc çalışdırıcı Rəşad Sadıqovun və onun komandasının mövsüm ərzində çəkdiyi zəhmətin, axıtdığı tərin mükafatı avrokuboklara vəsiqə, Azərbaycan futbolunu “köhnə qitə”də təmsil etmək məsuliyyəti olmalıydı. Amma olmadı. Min hoqqa çıxardılar ki, “Zirə” mükafatsız, avrokuboklarda iştirak hüququ verən vəsiqəsiz qalsın. Sonda istəklərinə, mənfur məqsədlərinə çatdılar.
Düşünürdüm ki, Rəşad Sadıqov üsyan edəcək, ona qarşı edilən haqsızlıqlara qarşı hayqıracaq. Adam səbrli, təmkinli davrandı. Demək ki, öyrəncəli imiş. Gördüklərinə dözür, dözdükcə bərkiyir və mübarizə həvəsini daha da artırırmış. Rəşad Sadıqov U-21 millisini çalışdıranda onunla qısa bir görüşümüz olmuşdu. Millidəki çətinliklərdən, üzləşdiyi əngəllərdən danışmışdı. Bu qədər çətinliyə rəğmən gələcəklə bağlı böyük planlardan bəhs edir, perspektivli planlar qururdu. Mən də dinlədikcə təəccüblənirdim. Deyirdim ki, sənə kömək edən yoxdu, bu qədər çətinliyin öhdəsindən necə gələcəksən? Cavabı qısa oldu: “Ən vacibi Allahın köməyidi, hər şey qaydasında olacaq!” Bir qədər fikrə gedib, susmuşdum...
Rəşadın U-21-dən necə uzaqlaşdırıldığını hamımız gördük. Qurban Qurbanova atılan badalağa “Qarabağ”da da çalışır, fikrini ora yönəltsin” bəhanəsiylə əsas verirdilərsə, Rəşad haqqında deyiləcək nəsə yox idi. Onun yerinə gətirdikləri Milan Obradoviçi də, serbin Azərbaycanda “qazandığı” nəticələri də görürük. Elə Rəşad Sadıqovun da qazandıqları göz önündədi. Ortada “Zirə” boyda əsər, mübariz kollektiv var. Çəkdiyi zəhmətin mükafatı “Zirə”nin bu mövsüm qazandığı bürünc medallar, Azərbaycan kubokunun finalına yüksəlməsi və Azərbaycanı avrokuboklarda təmsil etmək üçün qazandığı vəsiqə oldu. Bu vəsiqə həm böyük məsuliyyət, bir gənc məşqçi üçün əla sınaqdı.
“Zirə” dünən axşam Azərbaycan kubokunun finalında “Qarabağ” məğlub oldu. O “Qarabağ”a ki, Azərbaycan səviyyəsində özünə rəqib tanımır. Əla mövsüm keçirib, Premyer Liqanın qızıl medallarını hələ neçə tur əvvəldən özü üçün təmin edib. UEFA Konfrans Liqasının qrupunda özünə qarşı gördüyü bütün haqsızlıqlara rəğmən qrup mərhələsini uğurla adladı, ölkə futbolunun tarixinə yeni səhifə yazdı. Deməli, “Qarabağ”a uduzmaq heç də məyus olmaq üçün əsas deyil. “Zirə” dünən zirvədə məğlub oldu. Əla bir mövsümün sonunda çempion “Qarabağ”la 120 dəqiqə başabaş mübarizə apardı. Penalti seriyasını isə futbolda illərdi ki, lotereya adlandırırlar. Deməli, bu məğlubiyyətdən uzun müddət məyus olmağa, ruhdan düşməyə dəyməz.
Azərbaycanlı azarkeşlər üçün əsas göstərici avrokuboklardakı nəticələrdi. İllərdi bunu görə-görə gəlirik. “Neftçi” ötən mövsüm “Qarabağ”ı taxtdan saldı, uzun fasilədən sonra çempion oldu. Amma davamını avrokuboklarda gətirə bilmədilər. “Ağ-qaralar”ın hər üç turnirdəki çıxışı fiaskoyla nəticələndi. Belədə min əziyyətlə qazanılan çempionluq da unudulub getdi. Ona görə də “Zirə” qarşıdakı avrokubok sınağına daha ciddi hazırlaşmalı, bu sınaqdan bacardıqca üzüağ çıxmalıdı. Unutmaq lazım deyil ki, avrokuboklardakı hər qələbə, adlanan hər mərhələ həm də komandanın büdcəsinə gəlir gətirir. Həmin gəlirlə gələcəkdə daha böyük işlər görmək mümkündü.
Uğur olsun, Rəşad Sadıqov! Uğur olsun, “Zirə”! Hər şey Azərbaycan futbolu üçün!