10 frankın güdazına gedən SSRİ və ilk çempionluğunu qazanan "Skuadra Adzurra" AÇ-2024-ə doğru
- 08 May 2024 11:35
- 621
Avropa çempionatlarının tarixi barədə yazılarımızı davam etdiririk.
Futbol üzrə 3-cü Avropa çempionatı tarixə bir neçə ilklə düşdü. İlk növbədə o mənada ki, bundan öncəki iki turnir Avropa kuboku adlanmışdısa, 1968-ci il İtaliyada keçirilən turnir ilk dəfə Avropa çempionatı adlanmağa başladı. Bundan başqa, ilk dəfə finalçını püşk müəyyən etdi. Reqlamentdə isə dəyişiklik edilmişdi. Turnir iştirakçıları öncəki turnirlərdən fərqli olaraq, birbaşa "uduzan çıxdı" prinsipi ilə mübarizəyə başlamırdı. 31 komanda 7-də 4, birində isə 3 komanda olmaqla 8 qrupda mübarizəyə start verdi. Reqlamentə görə, növbəti mərhələyə yalnız qrup qalibləri yüksəlməli, daha sonra isə 1/4 finalda ev-səfər prinsipi ilə üzə-üzə gəlib final mərhələyə yollanacaq 4 komanda müəyyənləşdirməli idi. Beləliklə, 31 komanda arasında başlayan mübarizə sonu İtaliya, Yuqoslaviya, İngiltərə və SSRİ final mərhələyə iştirak hüququ qazandı.
Tarixdə ilk və son püşk
İtaliyada toplayan 4 ən güclü komanda yarımfinal mərhələdən mübarziəyə başladı. Maraqlı bir məqamı da qeyd edək ki, Fransa və İspaniyada keçirilən turnirlərdən fərqli olaraq, final mərhələ iki yox, üç stadionda keçirildi. Bunlar Neapol, Florensiya və Roma stadionları idi. Final mərhələ 5-10 iyun aralığında keçirildi.
İlk yarımfinal matçında İtaliya ilə SSRİ üz-üzə gəldi. Matç Neapolda oynanıldı. SSRİ həmin dönəmlər futbol favoritlərindən hesab olunsa da, meydança sahibləri də yetərincə güclü heyətə malik idi. Qapıçı Dino Zoff karyerasının ən pik dönəmini yaşayırdı və sovet komandası ilə oyunu da yüksək səviyyədə keçirdi. İnsaf naminə onun SSRİ-dən olan həmkarı Yuri Pşeniçikov da oyunu əla keçirdi. Məhz qapıçıların gözəl oyunu sayəsində oyunda hesab açılmadı. Qeyd edək ki, Azərbaycan futbolunun yetirməsi olan Anatoli Banişevski də SSRİ yığmasının heyətində yer almışdı və İtaliyaya qarşı da start heyətində meydançaya çıxmışdı.
Turnirin reqlamentinə görə oyun sonrası əlavə vaxt və penalti seriyası olmadığı üçün finalçının adını püşklə müəyyən etmək lazım idi. Püşk isə meydançada yox, stadiondakı otaqların birində baş hakim və kapitanların iştirakı ilə atılırdı. Görüşün almaniyalı baş hakimi Kurt Çenser püşk üçün 10 franklıq sikkədən istifadə etdi. SSRİ-nin kapitanı Albert Şesternyov, İtaliyanın kapitanı isə müdafiə xəttinin dirəyi Fakketti idi. Baş hakim püşk seçmək üçün öncə Şesternyova müraciət etdi. Lakin sovetlərin kapitanı bu məsuliyyəti qarşı tərəfə ötürməyi lazım bildi. Bəzi söhbətlərə görə Albert ingilis dilini bilmədiyi üçün bu addımı atıb. Hər halda, seçim imkanı əldə edən italiyanların kapitanı sikkənin qabarıq tərəfini seçdi. Hansı ki, digər söhbətlərə görə SSRİ-nin baş məşqçisi Mixail Yakuşin püşkdən öndə Şesternyova məhz qabarıq üzü seçməyi tapşırmışdı. Lakin qeyd etdiyimiz səbəbdən bu şansı Fakketti qazandı və püşk atışı zamanı onun seçdiyi qabarıq üz düşdüyü üçün İtaliya finala vəsiqə qazandı. Bu, Avropa çempionatları tarixində qalibi müəyyən etmək baxımından ilk və son püşk oldu.
Albert Şesternyov
Digər yarımfinal matçında isə Yusoslaviya 1966-cı il dünya çempionatının qalibi olan güclü İngiltərə millisini 1:0 hesabı ilə məğlub edərək ikinci finalçı oldu.
Yenə məğlubiyyət, yenə istefa
Yarımfinalda bəxtsizliklə üzləşərək final yolu bağlanan SSRİ-nin 3-cü yer uğrunda oyunda da bəxti gətirmədi. Sovet futbolçuları Romada əfsanəvi Bobbi Çarltonun da forma geyindiyi İngiltərə millisinə 0:2 hesabı ilə uduzaraq, bürünc qazanmaq şansını da əldən verdi. SSRİ hökuməti isə komandanın İtaliyadakı çıxışlarını uğursuz hesab etdiyi üçün baş məşqçi Yakuşini istefaya göndərdi.
İtaliyanı qalib edən tarixi oyun
Final matçı isə Avropa çempionatları tarixinə başqa məqamla düşdü. Belə ki, qalibi müəyyən etmək üçün iki oyun keçirmək lazım gəldi. İtaliya və Yuqoslaviya öncə iyunun 8-də Romada üz-üzə gəldilər. 68 min azarkeşin izlədiyi oyunda yuqoslavlar 39-cu dəqiqədə Caiçlə hesabı açsa da, 80-ci dəqiqədə Domengini hesabı bərabərləşdirdi. Beləliklə, oyun 1:1 hesabı ilə başa çatdı. Təşkilatçılar Avropa çempionatları tarixində ilk dəfə ikinci final matçı təyin etdi. Matç bu dəfə də Romaya təyin edildi. Lakin azarkeş sayı ilk oyunla müqayisədə bir qədər az oldu - 55 min. Oyunun hakimi də fərqli oldu. İlk oyunu isveçrəli Qotfrid Dinst idarə etmişdisə, ikinci final ispan Xose Mariya Qrits de Mendibilə həvalə olundu. Bu dəfə isə meydança sahibləri güclü oldular. 12-ci dəqiqədə Riva, 31-ci dəqiqədə isə Anastazinin qolları İtaliyaya tarixində ilk Avropa çempionluğunu qazandırdı.
Yarımfinal
İtaliya - SSRİ 0:0 (püşklə İtaliya finala çıxıb)
5 iyun, 68582 tamaşaçı
Baş hakim: Kurt Çençer (Almaniya)
İtaliya: Dzoff, Burnyiç, Fakketti, Ferrini, Berçellino, Kastano, Domengini, Yuliano, Matssola, Rivera, Prati
SSRİ: Pşeniçnikov, İstomin, Şesternyov, Kapliçnı, Afonin, Lenev, Loqofet, Malofeyev, Banişevski, Bışovets, Yevryujixin
Yarımfinal
Yuqoslaviya - İngiltərə 1:0
Qol: Caiç, 86
5 iyun, Florensiya, "Kommunali", 21834 tamaşaçı
Baş hakim: Xose Mariya Ortis de Mendibil
Yuqoslaviya: İ.Panteliç, Fazlaqiç, Paunoviç, Holtser, Damyanoviç, Pavloviç, Triviç, Osim, Petkoviç, Musemiç, Caiç
İngiltərə: Benks, Lebon, Vilson, Mülleri, Nyuton, Mur, Boll, Hanter, B.Çarlton, Hant, Piters
3-cü yer uğurunda oyun
İngiltərə - SSRİ 2:0
Qollar: Bobbi Çarlton, 39; Herts, 63
8 iyun, Roma Olimpiya stadionu, 68 817 tamaşaçı
Baş hakim: İştvan Jolt (Macarıstan)
İngiltərə: Benks, T.Rayt, Vilson, Staylz, Lebon, Mur, Hanter, B.Çarlton, Hant, Herst, Piters
SSRİ: Pşeniçnikov, İstomin, Şesternyov, Kapliçnı, Afonin, Lenev, Loqofet, Malofeyev, Banişevski, Bışovets, Yevryujixin
FİNAL. İlk oyun.
İtaliya - Yuqoslaviya 1:1
Qollar: Domengini, 80 - Caiç, 39
10 iyun, Roma Olimpiya stadionu, 68 817 tamaşaçı
Baş hakim: Qotfrid Dinst (İsveçrə)
İtaliya: Dzoff, Burnyiç, Quarneri, Kastano, Fakketti, Ferrini, Yuliano, Lodetti, Domengini, Anastazi, Prati
Yuqoslaviya: İ.Panteliç, Fazlagiç, Paunoviç, Holtser, Damyanoviç, Pavloviç, Triviç, Açimoviç, Petkoviç, Musemiç, Caiç
İkinci final
İtaliya - Yusoslaviya 2:0
Qollar: Riva, 12; Anastazi, 31
10 iyun, Roma Olimpiya stadionu, 55 000 tamaşaçı
Baş hakim: Xose Mariya Ortis de Mendibil
İtaliya: Dzoff, Burnyiç, Quarneri, Salvadore, Fakketti, De Sisti, Rozato, Matssola, Domengini, Anastazi, Riva
Yuqoslaviya: İ.Panteliç, Fazlagiç, Paunoviç, Holtser, Damyanoviç, Pavloviç, Triviç, Açimoviç, Xoşiç, Musemiç, Caiç
Hazırladı Anar XANLAROV