16 yaşında SSRİ yığmasında oynamış bakılı FOTO
- 29 İyn 2020 17:00
- 1509
Sovet vaxtı “Neftçi”də kifayət qədər qeyri-azərbaycanlı futbolçu forma geyinib. Onların arasında ruslar çoxluq təşkil edib. Təbii ki, bu futbolçuların başında Anatoli Banişevski gəlib. Həm oyunu, həm də xarakteri ilə azarkeşlərin qəlbində taxt quran "Banya" bu gün də böyük sevgi və hörmətlə xatırlanır. Banişevskidən başqa Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Kazbek Tuayev, Vitali Şevçenko, İqor Ponomaryov və s. adlarını çəkmək olar. Hansılar ki, milliyyətcə azərbaycanlı olmasalar da Azərbaycanda, Bakıda doğulublar. Bir futbolçu da olub, hansı ki, o da öz dövrünün aparıcı futbolçularından olub, “Neftçi”də forma geyinib, amma təəssüf ki, hazırkı nəsil demək olar ki, onun haqda məlumatsızdır. Söhbət Zabrodindən gedir, Viktor İvanoviç Zabrodin. Əslində onun haqqında bizim də yetərli məlumatımız yox idi. Bu məsələdə bizə “Neftçi”nin tanınmış veteranlarından olan Asəf Namazov kömək etdi. Namazov bu şəxslə bağlı maraqlı xatirələrinin olduğunu bildirdi. Hətta sən demə, Zabrodin SSRİ millisində geyindiyi formanı sonradan Namazova hədiyyə edib. Zabrodini məhz bu gün xatırlamağımız təsadüfi deyil. Çünki bu gün onun doğum günüdür.
Viktor Zabrodin 1945-ci il iyunun 29-da Bakıda anadan olub. Futbolla 50-ci illərdə “Spartak” cəmiyyətində məşğul olmağa başlayıb. Ampluaca müdafiəçi olan Zabrodin çox döyüşkən və güclü futbolçu olub. Həm də yüksək xarakteri ilə seçilib. Təsadüfi deyil ki, 1961-ci ildə, cəmi 16 yaşı olarkən onu SSRİ millisinə cəlb edirlər. O dövrülər Azərbaycandan hansısa futbolçunun 16 yaşında SSRİ millisinə düşməsi böyük hadisə idi. Eyni zamanda Azərbaycan yığmasının da üzvü olan qəhrəmanımız elə həmin il SSRİ spartakiadasının da qalibi adını qazanır. Eyni zamanda SSRİ millisinin heyətində İtaliyada o dövrün məşhur San Reno turnirində də iştirak edir. 1964-cü ildə onu artıq “Neftçi”nin əsas komandasına dəvət edirlər. İki mövsüm “ağ qaralar”ın formasını geyinən bakılı balası 1967-ci ildə o dövrlər ölkənin ikinci komandası sayılan “Dinamo”ya (Kirovabad) keçir. Həmin vaxt SSRİ çempionatının yüksək liqasına vəsiqə qazanan Gəncə təmsilçisi heyətini gücləndirməyə qərar vermişdi ki, Zabrodin də bu səbəbdən həmin kluba dəvət olunmuşdu. İki mövsüm də Gəncədə oynayan Zabrodin ardınca daha iki il də o vaxt Azərbaycanın güclü komandalarından sayılan Sumqayıt “Polad”ında çıxış edir. Bundan sonra isə Azərbaycanı tərk edərək ölkə xaricinə yollanır. Maykop “Drujba”sında qısa sürən karyerasının ardından Qazaxıstandan təklif alır vəı 3 il “Alatau”nun şərəfini qoruyur. Elə həmin klubda oynayan zaman dizindən mensk zədəsi alır və 1975-ci ildə, 30 yaşında karyerasını başa vurur.