165 mini havaya uçan "Şahdağ" narazıdır: "U-19 liqası qədər hörmətimiz yoxdur"
- 30 May 2020 17:00
- 886
Ötən cümə AFFA İcraiyyə Komitəsi U-19 istisna olmaqla bütün liqalarda mövsümün erkən başa çatdığını açıqladı. AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupu üzrə liqalarla yanaşı, böyük maraq kəsb edən, bölgədəki azarkeşlərin sevə-sevə izlədiyi Region Liqasına da yekun nəticə bəlli olmadan nöqtə qoyuldu. Halbuki cari mövsümdə də çempion olmaq yolunda yetərincə əziyyət çəkən, bu yöndə maliyyə sərf edən komandalar var idi.
Bu dəfə Region Liqasında kuboku başı üzərinə qaldırmağa ən real namizədlərdən biri Qusar “Şahdağ”ı idi. Kamran Əlibabayevin yetirmələri liqanın ikiqat qalibi “Uğur”la eyni qrupda yer alsa da, pley-off ərəfəsində Şimal zonasında ilk pillədə qərarlaşmışdı. Ölkənin ən köklü klublarından biri olan, hazırda Region Liqasında mübarizə aparan “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevi arayıb, İcraiyyə Komitəsinin son qərarına münasibət bildirməsini istədik.
- Sağ olun ki, heç olmasa, “Futbol+” bu məsələyə biganə qalmadı, bizə də tribuna verməyi lazım bildi. Qardaş, futbol elə futboldu. Nə fərqi var, komanda hansı liqada, hansı divizionda çıxış edir. Ötən həftə AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarla yanaşı, Region Liqasında da mövsümün erkən başa çatdığını elan etdilər. Birinci divizionun taleyi isə məlum deyil. Yalnız premyer-liqa və U-19-la bağlı çempionatın davam etdirələcəyi gözlənilir. Bu nə dərəcədə düzgündü? Elitada, U-19 liqasında da meydana 22 futbolçu çıxır, Region Liqasında da. Onlar da futbol qaydaları əsasında qalibi müəyyənləşdirir, biz də. Belə olan halda Region Liqasını erkən başa vurmaq nə dərəcədə düzdü? Kimsə mənə bu qərarı əsaslandırsın. Bəlkə Kamran Əlibabayevin futboldan anlayışı yoxdu, qaydalardan bixəbərdi? İlboyu bütün mütəxəssislər, idman mediası Region Liqasının əsl Azərbaycan çempionatı olduğunu dəfələrlə qeyd ediblər. Telekanallarda, mətbuatda hamı liqanın nə qədər maraqlı olduğunu vurğulayıb. Ancaq nədənsə qərar veriləndən sonra heç kim bu barədə danışmır, bir kəlmə də demir ki, Region Liqasının erkən başa çatdırılmasının arxasında nə durur?
- Bir çox mütəxəssislərin fikrincə, cari mövsümdə çalışdırdığınız “Şahdağ” Region Liqasının qalibi olmağa ən real namizəd idi. İstər yay, istərsə də qış fasiləsi dönəmində keçirdiyiniz toplanışlara, yığdığınız heyətə əsasən belə fikir formalaşmışdı. Sirr deyilsə, marta qədər sponsor tərəfindən nə qədər pul xərclənmişdi?
- Bu gün heç kim pulunu çölə atmır. Futbola sərmayə yatızdıran şirkət və ya insan xərclədiyi vəsaitin qarşılığını görmək istəyir. Hamı bilir ki, “Şahdağ” Region Liqasında çıxış edən komandalar arasında maliyyə cəhətdən ən sabit dayağa sahib olanlardan biridi. Bəli, düz qeyd etdiz ki, istər mövsümə hazırlıq, istərsə də qış fasiləsində çalışdırdığım komanda divizon və elita təmsilçiləri kimi normal toplanış keçib, lazımi qaydada işlər görülüb. Nə qədər pul xərcləməyimizə gəlincə, burda gizli heç nə yoxdu. Çempionat dayanana kimi sponsorumuz olan şirkət 165 min manat pul xərcləmişdi. Bura futbolçuların əməkhaqqı ilə yanaşı, toplanışlara sərf olunan vəsait də daxildi. Bütün bu pullar nə üçün sərf olundu? “Şahdağ”ın Region Liqasının qalibi olması üçün. Ancaq sonda çempionata nöqtə qoyulmadı. Belə çıxır ki, Region Liqasının U-19 liqası qədər hörməti yoxdu. Başa düşürəm, Gənclər Liqasının qalibi ölkəmizi UEFA-nın təşkil etdiyi Gənclər Liqasında təmsil edəcək və buna görə həmin klubun hesabına vəsait köçürüləcək. Bəs bizim xərclədiyimiz pullar? Onun əvəzini kim verəcək? Maliyyədən əlavə görülən işlərə də dəyər verən olmadı. Məncə, Region Liqası da elita kimi sona qədər oynanılmalıydı. Liqaya göstərilən münasibət qarşıdakı ildə təsirini göstərəcək. Bəlkə də hansısa iş adamı yaşadığı rayonun komandasına sponsorluq etmək fikirnə düşərdi. Ancaq bugünkü münasibət həmin insanların da əlini işdən soyutdu.
- Əvvəlki açıqlamalarınızda da dəfələrlə qeyd etmisiz ki, əsas məqsədiniz birinci diviziona yüksəlməkdi. Növbəti “futbol ili”ndə “Şahdağ”ı peşakar status daşıyan liqada görə bilərik?
- Bu gün başverənlərə nəzər salanda adam heç nəyə əminliklə cavab verə bilmir. “Şahdağ” birinci divizionda çıxış etməyə tam hazırdı. Aşağı yaş qrupu üzrə komandalarımız var, klub sabit maliyyə dayağına sahibdi. Yeganə problem stadionla bağlıdı ki, onu da həll etmək çətin deyil. Region Liqasında rəqibləri Siyəzəndəki arenada qəbul edirik. Birinci divizionda çıxış edəcəyimiz halda Sumqayıtdakı “Kapital Bank Arena”nın xidmətindən müvəqqəti yararlana bilərik. Qusar stadionunda da təmir işləri davam etdiriləcək. Qısa zamanda öz arenamız da hazır ola bilər. Bilirsiz, necədi? Region Liqasında mübarizə aparan “Şahdağ” sabah birinci diviziona yüksəlsə, bu, liqada çıxış edən başqa klublar üçün də motivasiya, stimul ola bilər. O biri klublar da çalışacaq ki, bizim kimi dayanıqlı sponsora sahib olsunlar və yekunda daha yuxarı diviziona yüksəlsinlər. Həmişə demişəm və bir daha təkrarlamaq istəyirəm: Qusar futbol rayonudu və nə qədər ki burda böyük futbol olacaq, yığmaya layiqli futbolçular verə biləcəyik. Futbol ictimaiyyəti, idman mediası da yaxşı bilir ki, müstəqillik illərində Qusar futbol məktəbinin, “Şahdağ”ın neçə-neçə yetirməsi ölkənin aparıcı klublarının şərəfini qoruyub, yığmalarda seçilən oyunçular olublar. Qusar futbol bölgəsidi, onu sıradan çıxarmaq düz deyil. Hərçənd kimlərsə bunda maraqlıdı. ("Futbol plus" qəzeti)