Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “championat.com” saytına müsahibə verib.

Rekord.az xəbər verir ki, o, Rusiyada heç vaxt maaş almadığını dilə gətirib:

“Rusiyada heç vaxt maaş almamışam. 18 yaşım olanda uşaqlar məni LFL-də oynamağa dəvət etdilər. Nəticədən asılı olmayaraq, iştirakım üçün 1000 rubl ödədilər. Bu, mənim yeganə qazancım idi.

18 yaşımda evləndim, ailəmi kişi kimi dolandırmalı oldum. Həmin oyunları çox bəyənirdim. Qapıçı üçün ciddi məşq və təkmilləşmək imkanı idi”.

29 yaşlı qolkiper Azərbaycanda da bu cür turnirlərin təşkilinin tərəfdarı olduğunu bildirib:

“Azərbaycanda belə səviyyəli turnir olsaydı və klubum orada oynamağa icazə versəydi, məmnuniyyətlə iştirak edərdim”.

Məhəmmədəliyev LFL-də çıxış etdiyi dönəmdə ayağının sındığını vurğulayıb:

“Ağır zədə idi, sümük yavaş-yavaş sağalırdı. Dörd ay gipsdə qaldım. İnstitutda testlərə və imtahanlara dəyənəklə getdim. Çətin dövr idi”.

Məhəmmədəliyev 2013-cü ildən Azərbaycanda çıxış edir.