1966-cı il finalının canlı şahidi: "Bəhramovun rus olmadığını bığlarından bilirdik" MÜSAHİBƏ
- 13 Noy 2019 11:00
- 890
1966-cı ilin dünya çempionatının İngiltərə - Almaniya final oyununu stadiondan izləyən Qrem Börcs sportinfo.az saytına müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Salam, Bakıya xoş gəlmisiniz. Zəhmət olmasa, özünüz haqqda qısa məlumat verin...
- Adım Qrem Börcsdür. İngiltərədənəm və bura 10 günlük tətilə gəlmişəm. Futbolla yaxından maraqlanıram.
Onunla söhbətimiz bu dialoqla başladı. Bu, bir jurnalist üçün əsl sürpriz, xoş təsadüf idi. Qarşıma belə birisinin çıxmasını hətta "Tanrı hədiyyəsi" də adlandırmaq olar. Bakıda qonaq olan 68 yaşlı Qrem Börcs İngiltərədə keçirilən 1966-cı il dünya çempionatının finalını "Uembli" stadionunda canlı izləmiş azarkeşlərdəndir. Həmin final isə yaddaşlarda daha çox həmyerlimiz Tofiq Bəhramovun məşhur "qol" qərarı ilə qalıb. Bəs, görək, Qrem o finalı necə xatırlayır...
**
- 1966-cı ilin dünya çempionatını necə xatırlayırsız?
- O vaxt mənim 15 yaşım vardı. Hər şey çox yaxşı yadımdadır. Həmin mundialda çox yüksək səviyyəli matçlar oldu. Onda yığmamız çox güclü idi. Komandaya Alfred Remzi başçılıq edirdi. Finala gedən yolda ilk olaraq, Meksikanı Bobbi Çarltonun uzaq məsafədən vurduğu qolla 1:0 məğlub etdik. İngiltərə Argentinaya da 1:0 hesabı ilə qalib gəldi və bu qalibiyyət komandanı yarımfinala çıxardı. Yarımfinalda Portuqaliya ilə oyunda yenə hesabı Bobbi Çarlton açdı və ikinci hissədə dublunu rəmiləşdirdi. Daha sonra top Bobbinin qardaşı Cek Çarltonun əlinə dəydi. Səhv etmirəmsə, təyin olunan penaltini Eysebio dəqiq yerinə yetirərək, hesabı 2:1 etdi. Baxmayaraq ki, həmin matçda Portuqaliya çox təzyiq göstərdi, yığmamız oyunun sonuna qədər qələbə hesabını saxlamağı bacardı və Almaniya ilə finala vəsiqə qazandı.
- Hə, bizim üçün xüsusən maraq doğuran elə həmin o məşhur final qarşılaşmasıdır...
- Atam final matçına 2 bilet almışdı. O vaxt beynəlxalq səyahət indiki kimi asan deyildi və azarkeşlərin böyük əksəriyyəti İngiltərə və Almaniyadan idi. Bildiyiniz kimi, bu iki ölkə bir-birindən elə də uzaq deyil. Qarşılaşmaya gəlincə, almanlar ilk dəqiqələrdən oyuna nəzarəti ələ almışdı və hesabı açan da onlar oldu. Bundan əvvəlki 3 dünya çempionatının finalında hesabı açan tərəf sonda məğlub olduğu üçün bu, İngiltərə üçün faciəvi an deyildi (gülümsəyir). İlk hissədən sonra Ceff Herst başla hesabı bərabərləşdirdi. Həmin vaxt millidə "Vest Hem"dən 3 futbolçu var idi - Kapitan Bobbi Mur, Ceff Herst və Martin Piters. Onlar eyni komandada çıxış etdikləri üçün sabit oyun tərzləri var idi, bir-birilərini çox yaxşı başa düşürdülər. Beləliklə, Bobbi Murun yerinə yetirdiyi künc zərbəsini Ceff Herst başla tamamladı və ilk hissə 1:1 yekunlaşdı. İkinci hissədə Martin Piters hesabı 2:1 bizim xeyrimizə dəyişsə də, sona yaxın almanların təzyiqinə davam gətirə bilmədik, son dəqiqədə qapımızda qol gördük. Əlavə vaxtda sol cinah oyunçusu Alan Bol topu sağa - Ceff Herstə ötürdü və onun hardasa 5-6 metr məsafədən zərbəsi qapı tirinə dəyib, yerə düşdü, sonra isə yenidən havaya sıçradı. Təbii ki, azarkeşlər topun xətti keçib-keçmədiyini görmədilər. Laysman Bakıdan olan rusiyalı hakim kimi təqdim olunmuşdu: Tofiq Bəhramov. O, isveçrəli baş hakimə yaxınlaşaraq, qol olduğunu bildirdi. Almanlar isə buna etiraz etdilər. Onların etirazı düzgün deyildi, çünki rəsmilər qol olduğunu artıq təsdiqləmişdilər. Əlavə vaxtın ikinci hissəsinin sonunda Ceff Herst daha bir qol vuraraq, hesabı 4:2 etdi və İngiltərə Dünya Kubokuna yiyələndi.
- Almanlar indi də iddia edirlər ki, həmin zərbə qol deyildi, top qapı xəttini keçməmişdi...
- Onlar təbii ki, elə deyəcək. Fikrimcə, finalın nəticəsi ədalətli idi. Amma onu da deyim ki, Almaniya yığması həqiqətən çox yaxşı çıxış edirdi və buna görə İngiltərə kraliçası tərəfindən alqışlandı.
- Yəqin, siz həmin vaxt Tofiq Bəhramovu sovet hakimi kimi tanıyırdınız. Əslində isə onun azərbaycanlı olduğunu nə vaxt öyrəndiniz?
- Bunu öyrənmək elə də çətin deyildi. Əslində çoxu onun azərbaycanlı olduğunu bilirdi. Çünki Bəhramov Bakıdan idi. Bakının isə Azərbaycanın paytaxtı olduğunu bilirdim. Düzdür, o, Bakıdan olan rus hakim kimi təqdim olunmuşdu, amma xarici görünüşü, xüsusən də özünənməxsus bığlarından rus yox, azərbaycanlı olduğu açıq-aşkar görünürdü.
- Tofiq Bəhramov öz xatirələrində yazır ki, həmin epizodda almanların kapitanı ona əsəbi şəkildə yaxınlaşıb, Bəhramovun qırmızı bayraqlı dövlətdən - SSRİ-dən olmasına və İngiltərə millisinin qırmızı formada oynamasına işarə ilə "əlbəttə ki, qırmızı qırmızıların tərəfini tutar" deyib. Həqiqətən Tofiq Bəhramovun finalda ingilislərə simpatiyası hiss olunurdu?
- (Gülümsəyir) Qətiyyən. O, peşəkar idi. Finaldan sonra isveçrəli baş hakim, laysman Bəhramov və adını xatırlamadığım digər laysman kraliça Yelizaveta tərəfindən qəbul olundu və onlara medal verildi. Həmin vaxta kimi Britaniya futbolunda heç kim azərbaycanlı referini tanımırdı. Bundan sonra isə o, bütün Britaniyada tanınan bir şəxsiyyət oldu. O, çox hörmətəlayiq şəxs idi. Futbolla çox maraqlandığımdan, Bəhramovun 1960-cı illərin sonundakı Avropa çempionatında müxtəlif önəmli maçlarda da yer aldığını xatırlayıram.
- İngiltərə yığması o vaxtdan bəri uğur qazana bilmir. Sizcə, bunun səbəbi nədir?
- Əslində ondan sonrakı çempionatlarda da pis oynamırdıq. Məsələn, 4 il sonra Meksikadakı dünya çempionatında Almaniya ilə qarşılaşmada 2:0 öndə olsaq da, sonradan necə oldusa, qapımıza 3 qol vuruldu. Keçən il Rusiyada keçirilən mundialda da uğur qazanmağa çox yaxın olduq, amma yenə alınmadı. Bəzən nə qədər güclü oyunçularının olması belə, əhəmiyyət daşımır. Biz Lempard, Cerrard, Bekhem, Runi, Ouen kimi futbolçularımız olduğu dövrlərdə belə heç nə əldə edə bilməmişik. Qalib gəlmək bacarığı başqa şeydir və təəssüf ki, hazırda o bacarıq İngiltərə yığmasında yoxdur. Amma 1966-cı ildə o bacarıq var idi və buna görə də qalib olduq.
**
Sonda Qrem Börcsdən hansı kluba azarkeşlik etdiyini soruşdum. "Mançester Yunayted" tərəfdarı olduğunu bildirdi və ser Aleks Ferqyussonun çalışdırdığı komanda üçün darıxdığını etiraf etdi. 10 günlük səfəri zamanı ölkəmizin bir çox yerlərini gəzən Börcs artıq İngiltərəyə qayıdıb.