20-ci tura baxış
- 27 Yan 2025 10:42
- 97
Premyer Liqada 20-ci tur arxada qaldı. Öyrəndik ki...
- "Qarabağ"ı bir mövsümdəki 3 oyunda 1 komanda 2 dəfə uda, 1 dəfə də bərabərə qala bilər. Mümkünsüz bir şey deyilmiş. Kurban Berdıyev böyük təcrübəsi hesabına adaşının sirrini çözməyi bacarıb və bundan məharətlə istifadə edir. "Kəpəz"ə məlum məğlubiyyətin təsadüf olduğu da üzə çıxdı. Turun mərkəzi matçında tovuzlular sona qədər mübarizə apardılar, qələbəni daha çox istədilər və istəklərinə nail oldular. Böyük qələbə idi və bu qələbə qarşıdakı görüşlərdə "Turan" üçün böyük stimul rolunu oynayacaq.
- Tovuzlu azarkeş səfər matçını ev matçına çevirməyin mümkünlüyünü göstərdi. "Qarabağ" yenə öz evində dəstək baxımından azlıqda qaldı. Ağdam təmsilçisi tribunada adına, titullarına, səviyyəsinə uyğun ola bilmir, əsas rəqiblərinə məğlub olur.
- Qurban Qurbanov uzun fasilədən - bəlkə 3-4 il olar - sonra hakimlikdən şikayət etdi. Hocanı belə narazı görmək qəribə, öyrəşmədiyimiz bir şeydi. Nə hikmətdisə, Cavid Cəlilov olan matçlarda mütləq tərəflərdən biri etirazçı olur, referinin işini aşağı qiymətləndirir.
- "Kəpəz"in ötən həftə qazandığı böyük qələbəni effekti qısa sürdü. Görünür, Azər Bağırov komandasını qələbə eyforiyasından ayılda bilmədi və bu da öz mənfi effektini verdi. Elitada qalma uğrunda əsas rəqibinə məğlub olması gəncəlilər üçün ağır zərbədi.
- Noyabrdan bəri uduzmayan "Zirə" bu seriyanı "Şamaxı"da da davam etdirdi. Rəşad Sadıqov komandanı toparlaya, avrokuboksonrası problemləri aradan qaldıra bilib. "Qartallar" turnir cədvəlindəki mövqeyini xeyli yaxşılaşdırıb, amma yaxın 3-4 turda ciddi rəqiblərlə qarşılaşmalar ayrı bir sınaq rolunu oynayacaq.
- "Neftçi" haqqında heç nə yazmayacam. Çünki hər şey deyilib, hər şey yazılıb dəfələrlə. Əvvəl yazdıqlarımı tapıb təzədən oxuya bilərsiz. Eyni şeydi.
- "Sabah"la matçda 1 xal qazanılsa da, bəxt də "Sumqayıt"ın yanında oldu. Vaqif Cavadov itkilər səbəbindən gənclərə şans verməli, eyni zamanda tam müdafiə taktikası ilə oynamalı oldu. Minimal nəticə var, amma meydan sahiblərinin qaçırdığı bir neçə 100 faizlik qol şansını da görməzdən gəlmək olmaz. Berezutskinin yetirmələri daha yaxşı oynadılar, qarşılaşmadan qalib ayrılmağa layiq idilər. Ancaq layiq olmaqla qələbə qazanmaq fərqli şeylərdi. Bu qədər epizodu qaçırmaqla avrokubok zonasında qalmaq mümkün olmayacaq.
- Premyer Liqada rəqabət səviyyəsi çox yüksəlib. Ən axı bu baxımdan yarışı izləməyə dəyər.