Premyer Liqada 21-ci tur arxada qaldı. Öyrəndik ki...


- Yaxşı çempionat izləyirik. Rəqabət səviyyəsi yüksəkdi. Nə çempion, nə də iddialılar rahat deyillər, autsayderlərdən belə zərbə ala bilərlər. Elitada qalma uğrunda mübarizə yarışa gərginlik, prinsipiallıq qatıb.


- Azər Bağırovu alqışlamaq olar. Sərgərdan komanda ilə ciddi rəqibləri büdrətməyin yolunu tapıb, eyni durumda olan və eyni uğurla xallar qazanan Cavid Hüseynovla gərgin mübarizədədi. Bu yarışmanı izləməyə dəyər. Hər ikisi bu turda vacib xallar əldə edərək güclərini ortaya qoydular.


- "Turan"ın dərdi var, özü də bir deyil. Əvvəla, komandanın iddiası ilə heyəti uyğun gəlmir. Bu futbolçularla yuxarı pillələr uğrunda mübarizə mümkün deyil. Bir oyunu yaxşı oynayıb, o birisində ayaq üstə dura bilməmək keyfiyyət(sizlik) məsələsidi. Start heyət oyunçularının bəziləri ümumiyyətlə rəqabətədavamlı səviyyədə deyillər. Belə olan halda, Berdıyevdən nəticə tələb etmək olmaz...dı. Amma "Qarabağ"ı udub "Kəpəz"ə uduzmaq, "Səbail"lə bərabərə qalmaq birbaşa baş məşqçinin passivinə yazılan məqamdı. Necə olur ki, komanda aşkar favoritə köklənə bilir, autsayderlərə qarşı isə yox? Berdıyev süni örtüyü, alınan çoxsaylı zədələri, bu səbəbdən komandanın müdafiə xəttində yaranan ciddi problemləri əsas gətirməkdə haqlı ola bilər. Amma qeyri-sabit çıxış və məzmunsuz oyunda da onun günahı var.


- "Qarabağ"ın ardıcıl iki məğlubiyyəti yadıma gəlmir. İkisi də eyni ssenariylə yaşanan bu yenilgilərin səbəbi fiziki, psixoloji, funksional yorğunluqdu. Qurban Qurbanov özü də yorulub. Avrokuboklardakı uğursuzluq futbolçularla yanaşı, baş məşqçinin də balansını pozub. Həftəlik matç tsiklinə dönəndən, Avropanı unudub, bütün fikri çempionata yönəldəndən sonra işlər relsinə düşəcək. 


- "Sabah"ın sabahı elə də işıqlı görünmür. Berezutski Azərbaycan çempionatının reallıqlarını gördükcə uyğunlaşmaqda çətinlik çəkir. Heyət ölkənin ən yaxşılarındandı, amma məşqçi hələ də lazımi xətti tapa bilməyib. Vasiliyə təbii ki şans verilməlidi, ancaq o da daha çox çalışmalıdı. Yoxsa hədəfə nail olmaq mümkün olmayacaq.


- "Zirə" çempionluq xətti cızır. Ötən ilin oktyabrından məğlubiyyət yoxdu, oyun düzəlib, sürət və temp artıb, konsentrasiya yuxarı səviyyədədi. Rəşad Sadıqov iddiasını yenidən ortaya qoyur, yayda avrokuboklarda nümayiş etdirilən performansın təsadüfi olmadığını sübut edir, həmin dalğanı yenidən tutmaqdadı. Təbii ki, sona qədər belə davam etməyəcək, çempionluq real deyil, məğlubiyyətlər, xal itkiləri olacaq, ancaq bu günə qədər ortaya qoyulan işi alqışlamaq olar.