2:14-Şahbaz Süleymanov, 2:8-???
- 15 Noy 2023 17:00
- 715
Şəmkir futbolun sevildiyi bölgələrimizdəndir. "Şəmkir" klubunun da Azərbaycan futbolunda özünəməxsus yeri var. İki dəfə ölkə çempionluğu və Azərbaycan klubları arasında Çempionlar Liqasında ilk dəfə mərhələ keçilməsi az şeydən xəbər vermir. O dövrün oyunlarını izləyənlər də gözəl xatırlayır ki, Şəmkirdəki oyunlar zamanı tribunalarda boş yer tapılmırdı. Bəs bu gün vəziyyət necədi?
Çox düşünmədən PFL-in saytına daxil olun, orada II Liqa kateqoriyasında turnir cədvəlini vurub reallığı gözünüzlə görün. "Şəmkir" 14 komanda arasında sonuncu pillədə qərarlaşıb. Keçirdiyi 11 oyundan cəmi birində qalib gəlib, qalan hamısını uduzub. Rəqib qapılarına 13 top vurduğu halda, öz qapısından 43 top buraxıb. Son turda komanda "Göygöl"ə 2:8 hesabı ilə uduzub. Bu mənzərəni görəndə bir anlıq öz-özünə düşünürsən: Şəmkirə və şəmkirlilərə belə komanda lazımdı? Məncə, lazım deyil. VAllah lazım deyil. Şəmkir adına utanc verir. Bir anlıq yadıma 1996-97-ci il mövsümü düşdü. Həmin mövsümdə də komanda qışa qədər hazırkı durumda idi. Hər çatan çox rahatlıqla "Şəmkir"ə 5 top vururdu. Hətta yadımdadır, Gəncədə "Kəpəz"lə keçirilən oyunda "Şəmkir" Qərb derbisini 2:14 uduzmuşdu. Məhz həmin nəticəni eşidən rəhmətlik Şahbaz Süleymanov bundan çox pis təsirlənmiş və komandanı öz himayəsinə götürməyə qərar vermişdi. Məhz Süleymanovun gəlişi ilə komandanın parlaq dönəmləri, tarixi nəticələri başladı. Adam doğma rayonunu və komandasını bütün varlığı ilə sevirdi, bu yolda heç nə əsirgəmirdi. Səhhətində ciddi problemlər yaranana qədər əlini komandanın üstündən çəkmədi. O dövr "Şəmkir"də çalışmış və oynamış məşqçilər, futbolçulardan soruşsanız hamısı bir ağızdan razılıq edəcək. Təəssüf ki, səhhətində yaranan ciddi problemlər onu sevimli komandasıdan ayrı saldı. Düzdür, ondan sonra Şəmkirin o vaxtkı icra başçısı Aslan Aslanov da komandanın ayaqda qalması üçün çalışdı. Lakin bu, o qədər uzun sürmədi və Süleymanovun səhhətində yaranan problemlər elə "Şəmkir"in problemlərinin də başlanğıcı oldu. Sonrası isə hər kəsə məlumdu.
Bu gün Şəmkirin məhz Süleymanov kimi oğullarının dəstəyinə ehtiyacı var. Çox inanmaq istərdim ki, hansısa imkanlı şəmkiri məzh "Göygöl"ə 2:8-lik məğlubiyyətdən təsirlənib vaxtı ilə Şahbaz bəyin attıdığı addımı atacaq. Şəmkir naminə, Şəmkir futbolu naminə. Bir bölgədə futbolun, güclü futbol klubunun olması üçün iki vacib şərt var: futbola sevgi və pul. Futbola sevgi, yuxarıda da qeyd etdiyimiz kimi, Şəmkirdə var. Pul, məncə, o da var. Özü də artıqlaması isə. Ümumiyyətlə, Şəmkir ölkəmizin zəngin bölgələrindən hesab olunur. Bu gün ölkə xaricində böyük biznesə, kapitala malik kifayət qədər şəmkirli var. Bir faktı deyim ki, ölkənin toy bazarında ən öndə gedən bölgələrdən bəlkə də birincisi elə Şəmkirdi. Özündən deyən hansı müğənnini dindirsən minimum hər həftə Şəmkidə toydadı. Özü də o toya elə-belə məbləğə yox, kifayət qədər böyük məbləğə gedirlər.Hansı ki, həmin müğənnilərə xərclənən pula bu gün Premyer Liqada iddialı bir komanda saxlamaq, böyük bir stadion tikmək olar. Elədirsə, niyə bunu etmirlər? Nə kiminsə pulunu saymaq fikirim var, nə kiminsə çörəyinə bais olmaq. Kimin də qazandığı pulu hara və necə xərcləməsinə özü qərar verir, şəxsi pulu və işidi. Mənin sadəcə, yazdıqlarım bir istəkdi, niyyətdi. Şəmkirin, Şəmkir futbolunun gözəl günlər görməsi naminə. Niyə bu gün Şəmkirin Premyer Liqada iddialı klubu olmasın? Axı bu mümkündür. Bunun üçün sadəcə, növbəti bir Şahbaz Süleymanov lazımdır ki, irəli çıxsın, əlini daşın altına qoysun. Qısası, Şəmkir futboluna sahib çıxsın. Şəmkir azarkeşinə sahib çıxsın. Necə ki, 1996-cı ildə, Gəncədə 2:14 biabırçı məğlubiyyətdən sonra Şahbaz Süleymanov bir şəmkirli olaraq, bu addımı atmışdı. İl 2023, yer II liqa, sonuncu pillə, son hesab 2:8. Söz Şəmkirin imkanlı, vətənpərvər oğullarınındır, buyurun!
Anar XANLAROV