
27-ci tura baxış
- 11:20
- 42
Premyer Liqada 27-ci tur geridə qaldı. Öyrəndik ki...
- Oyunsonrası mətbuat konfransları bəzən oyunların özündən maraqlı ola bilirmiş. Bu tur buna bir neçə dəfə şahidlik etdik. Media ilə məşqçilərin baş-başa gəlməsi, ortaya çıxan gərginliklər işə rəng qata bilir. Tövsiyəm isə mütəxəssislərin səbrli davranmasıdı. Tənqid, eyni zamanda provokativ suallar da bu işin bir hissəsidi: olub, var, olacaq da. Məşqçilərimiz bilməlidilər ki, bu qiyabi müharibə və əyani döyüşdə səsi hündürdən çıxan, yaxud daha ağır ifadələr işlədənlər yox, təmkinli olanlar, sakit davrananlar qalib gəlirlər.
- Turun mərkəzi qarşılaşması Masazırda oynandı. Qarşılıqlı qollar, bərabər mübarizə, hər iki tərəfdən böyük güc sərfi nəticəni də balanslı etdi. Konkret futbola gəlincə, Berezutski rəqibi yaxşı öyrənmişdi. "Zirə"nin əsas güc nöqtələrinə təsir edərək zəiflədə bilmişdi. Rəşad Sadıqov isə çevik davranmağı, gedişat yaxşı olmayanda taktiki cəhətdən çevik olmağı bacardığını göstərdi. Yaxşı oyun idi, bərabərlik də ədalətli nəticə oldu.
- Berdıyev və "Turan" haqda dəfələrlə yazdıqlarımızı təkrarlamağa ehtiyac yoxdu. Hərənin öz günah payı var. Məşqçi alternativ yollar üzərində işləməlidi, çıxış yolları tapmalıdı. Yalnız "A planı" və standart vəziyyətlərdən qol vurmaqdan ibarət olan "B planı" hazırkı durumda yetərli deyil. Digər tərəfdən, Aleks De Souza kimi hücumçunun topu 5 metrdən qapıçının üstünə vurması, Rəhim Sadıxovun eyni məsafədən çərçivəyə düşə bilməməsi, faydalı iş əmsalının ümumiyyətlə sıfıra yaxın olması, futbolçuların adi epizodlarda kobud səhvlərə yol verməsi, konkret həvəskar kimi davranmalarına Berdıyev heç nə edə bilməz. Əldəki material budu, material yetərsiz və keyfiyyətsizdi. Hə, bunları kim gətirib, gəlməsinə kim "ok" verib, bax əsas sual budu. Məşqçidisə o, rəhbərlikdisə onlar öz məsuliyyət payını götürməlidilər.
- Milli fasilənin ən çox xeyrinə olacaq komanda "Neftçi"di. Qış toplanışında toplanan güc son 2 oyunda minimuma enmişdi, bu, aşkar görünürdü. Təbii prosesdi. "Səbail"lə matç sonlarına yaxın yaşananlar da bunun nəticəsidi. Hazırkı heyət uzunmüddətli və intensiv qrafikə dözəcək səviyyədə deyil. Mustafa Sek kimi təcrübəli oyunçunun belə ayağı top tutmamağa başlayıbsa, digərləri haqda heç danışmağa dəyməz. Samir Abasov bu komandadan maksimum nən mümkündüsə, onu almağa çalışır. Etiraf edək ki, bu işin öhdəsindən pis gəlmir. Bir neçə günlük fasilə komandaya müsbət təsir edəcək və son dövrəni də yaxşı keçirməyə imkan verəcək.
- Bu gün "Səbail"də baş verənlərin səbəbi ötən mövsüm böyük - 10 milyondan çox olan büdcənin amansızca dağıdılması və heç bir normal nəticənin verilməməsidi. Ondan sonra sponsor qalar klubda? Ondan sonra kluba ciddi yanaşarmı? Təbii ki, yox. Nə tökərsən aşına, o da çıxar qarşına. Cavid Hüseynov isə Tovuzdan gedəndə səhv eləmişdi. "Səbail" normal yer olsaydı, çoxdan düzəlmişdi. Səhv idi ora getmək. Buna türklər vizyonsuzluq deyirlər. Oturmuşdu da. Bir az qalsaydı, indi Berdıyevin yerinə 1 nömrəli namizəd idi. Olmadı, bundan sonra da olmayacaq.
Yazar haqqında
