27 ildə 9 titul
- 23 İyn 2022 12:12
- 541
MBA komissarı Adam Silver bu quruma rəhbərlik etdiyi 2014-dən bəri ilk dəfə çempionun mükafatlandırma mərasimini buraxıb.
Rekord.az xəbər verir ki, onun səlahiyyətlərini müavini Mark Teytum yerinə yetirib.
MBA-dan komissarın yoxluğunu koronavirus protokoluna salınması ilə izah ediblər. Amma mətbuat xidməti Silverin koronavirusa yoluxduğunu və ya xəstə ilə təmasda olduğunu dəqiqləşdirməyib.
MBA ilə bağlı başqa xəbərlər də var. Bildiyiniz kimi, final seriyasında “Boston”a 4:2 hesabıyla qalib gələn “Qolden Steyt” çempion oldu. Bu komandanın baş məşqçisi Stiv Kerr son 27 ildə 9 titul qazanıb. Bunlardan 4-nü San-Fransisko klubunun çalışdırıcısı, 5-ni isə “Çikaqo” və “San-Antonio”nun oyunçusu kimi. Titul sayına görə MBA rekordçusu “Çikaqo” və “Los-Anceles”in sabiq baş məşqçisi Fil Ceksondu. O, baş məşqçi kimi 11, oyunçu kimi 2 titul qazanıb.
Tarixində 6-cı dəfə MBA çempionu olan “Qolden Steyt”in heyətində Xuan Toskano-Anderson da var idi. O, MBA tarixinə ilk meksikalı çempion kimi düşdü. Meksika Basketbol Federasiyası “tvitter” hesabında Xuanı bu münasibətlə təbrik edib. Xuan son mövsümdə keçirdiyi 73 oyunda orta hesabla 4,1 xal toplayıb və 2,4 ribaund edib.
Bu arada “Qolden Steyt”də baş məşqçinin yardımçısı olan Kenni Etkinson “Şarlott”un “sükanı arxasına” keçmək təklifini qəbul etməyib. Etkinson 2021-in avqustundan bəri “Qolden Steyt”də - Stiv Kerrin məşqçi korpusunda çalışır, 2016-20 aralığında da “Bruklin”in baş məşqçisi olub. “Şarlott” rəhbərliyi isə son 4 mövsümdə bu komandanı çalışdıran Ceyms Borreqo ilə apreldə vidalaşıb. Komanda onun rəhbərliyi altında 138 qələbə qazanıb, 163 oyunda uduzub.