“3:0 qalib gəlsək də, çətin qələbə oldu” - Rəşad Sadıqov
- 25 Fev 2024 20:06
- 211
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“10 oyundur qələbə qazanmırdıq. Azarkeşlər sağ olsunlar ki, futbolçulara və mənə mənəvi cəhətdən dəstək oldular. Qələbəmizi onlara ərmağan edirəm. Futbolçular kritik vəziyyətdə qələbə qazandılar, əzmkarlıq göstərdilər. İlk hissə hər iki komanda ehtiyatlı oynayırdı. Fasilədən sonra daha açıq futbola üstünlük verildi. İkinci qoldan sonra komanda rahatlandı. Rəqib də əzmkar mübarizə aparırdı. 3:0 asan görünə bilər, amma çətinliklə oldu. Qarşıda bizi çox vacib oyunlar gözləyir. Çempionatda qol vurmaq çətindir. Azərbaycan futbolunda ən çox 0:0, 1:0 qeydə alınan nəticələrin şahidiyik. Hər komanda ehtiyatlı oynayır, qol vurmaq çətin olur. 10 oyuna 1 qol vurmuşduq. Amma arada 3 kritik kubok matçı keçirmişdik. O oyunlarda 7 qol vurmuşduq. Bu gün daha dəqiq oynadıq. Əvvəlki matçlardan fərqli olan bu idi. Sonda da nəticə qazandıq”.