37 il əvvəl Xankəndidə qol vurmuş futbolçu: "Yuxumuza girməyənlər gerçək oldu"
- 22 Dek 2023 12:00
- 2790
Dünən Xankəndində keçirilən tarixi “Qarabağ” – MOİK matçını izləyənlər arasında “Qarabağ”ın veteran futbolçusu Nazim Mehrəliyev də var idi.
Rekord.az əməkdaşı onun Xankəndi ilə xatirələrini və təəsüratlarını öyrənib.
Veteran futbolçu Xankəndi stadionunda illər öncə vurduğu qolu da xatırlayıb: “Yadıma gəlir, 1986-cı ildə Ağdamın “Koorperator” komandası Xankəndində yerli komanda ilə oynayırdı. Künc zərbəsindən gələn topa gözəl zərbə endirərək qol vurmuşdum. Elə həmin qolla da qalib gəlmişdik. Həmin oyunda bütün komanda olaraq əla oynamışdıq. Qapıçımız Ənvər Axundov da bugünkü oyuna mənimlə gəlib. Elçin, Cəmil, Gülağa, bütün futbolçular əla oynamışdı. Heyətimizdə hamısı azərbaycanlılar idi, cəmi bir erməni var idi, adı Leonir idi. O da həmin vaxt Xankəndi komandasına qarşı oynamışdı. Səhv etmirəmsə, buradakı sonuncu oyunumuz oldu. Bu gün uzun illərdən sonra yenidən Xankəndiyə qayıtmaq gözəl hissdi, təəssüratlar böyükdü. Yuxumuza girməyənlər gerçək oldu. Prezidentimiz sağ olsun, ordumuz sağ olsun, Allah bütün şəhidlərimizə rəhmət eləsin”.