Oktyabrın 5-dən etibarən Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələ yarışları keçirilir.

Rekord.az xəbər verir ki, məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilir. Xırdalanda oktyabrın 5-6-da Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulublar. 9-10 oktyabr tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, oktyabrın 12-13-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.