66 ölkədən 701 idmançı Bakıya gəlir
- 26 May 2022 21:35
- 572
Bakı Atıcılıq Mərkəzində keçiriləcək güllə və stend atıcılığı üzrə dünya kubokuna hazırlıq mərhələsi davam edir.
Rekord.az xəbər verir ki, 28 may – 7 iyun tarixləri arasında təşkil olunacaq beynəlxalq turnirdə 66 ölkədən 701 idmançı və 331 nümayəndənin iştirakı nəzərdə tutulub.
Bu gün dünya kubokunun texniki nümayəndəsi Abdullah Al Hammadi jurnalistlərin suallarını cavablandırıb. Qətərli mütəxəssis Bakının mötəbər yarışa hazır olduğunu, iştirakçılar üçün Bakı Atıcılıq Mərkəzində yüksək səviyyəli şərait yaradıldığını söyləyib.
Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndəsi texniki detallar haqda ətraflı məlumat verib, bu işdə mətbuat nümayəndələrinin üzərinə böyük iş düşdüyünü qeyd edib, ən son yeniliklər və dəyişikliklər haqda danışıb.
Daha sonra Azərbaycanın medal ümidi Ruslan Lunyov media mənsublarının suallarını cavablandırıb. Bir neçə gün gün öncə İspaniyanın Qranada şəhərindəki qran-pridə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaqda qızıl medal qazanan Azərbaycan atıcısı Bakıdakı Dünya Kubokuna hazır olduğunu və maksimum nəticə göstərməyə çalışacağını deyib.
Lunyov özünün və Azərbaycanı təmsil edəcək atıcılıların şanslarını yüksək qiymətləndirdiyini bildirib, mümkün güclü küləyin xeyrimizə olacağını gizlətməyib.