"Zirə" sabah Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Slovakiyanın "Dunayska Streda" klubu ilə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, bu gün Slovakiya klubunun baş məşqçisi Xisko Munyosun mətbuat konfransı keçirilib.

İspaniyalı çalışdırıcı rəqibin gücündən xəbərdar olduqlarını bildirib:

"Sabah bizi çətin oyun gözləyir. Rəqibin səviyyəsini bilirik, mükəmməl oynamalıyıq. Sabahkı oyunda 100 faiz gücümüzü qoymalıyıq. Rəqibin gücündən xəbərdarıq. Düşünürəm ki, yaxşı çıxış edib, matçı yüksək səviyyədə başa vurmalıyıq. 

Rəqib kluba səfər planında bizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. İstirahət etməyə kifayət qədər vaxtımız olacaq”.

"Zirə"nin "Şerif"lə qarşılaşmalarına toxunan mütəxəssis hər iki komandanın yaxşı olduğunu söyləyib:

“Hər iki komanda yaxşı idi. Matçın taleyini kiçik detallar həll etdi. Sabahkı oyun çətin olacaq. Yaxşı təşkil olunmuş komandaları var. Biz də bu oyunda 100 faiz gücümüzü qoyub yaxşı nəticə qazanmağa çalışacağıq. Avrokuboklarda iştirak etmək üçün uzun müdətdir hazırlaşırıq. 7 aydır bu anı gözləyirik. Komandam tam hazırdır. 

Biz indiyi kimi avrokuboklarda rəqib ölkələrin ən yaxşı komandaları ilə qarşılaşmışıq. Bəli klublar fərqlidi, müxtəlifdi. David Volkovu tanıyıram, yaxşı futbolçudu, sabahkı oyunda diqqətli olmalıyıq. İstənilən anda matçın senarisini dəyişə biləcək keyfiyyətlərə sahib olduğunu bilirik”.

İyulun 25-də keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək.