80 milyonluq futbolçunun acı həyat hekayəsi: "Anam südün içinə su tökürdü"
- 13 Okt 2019 14:00
- 1187
Belçika millisinin hücumçusu Romelu Lukaku UEFA-nın rəsmi saytına keşməkeşli uşaqlığından danışıb.
Rekord.az xəbər verir ki, həyatı ilə bağlı kövrəldici məqamlara toxunan forvard nəyə görə futbolçu olmaq istədiyini deyib.
27 yaşlı futbolçu çox acınacaqlı həyat yaşadığını bildirib: "Atam Konqodan Belçikaya futbolçu olmaq üçün köçüb. Ancaq heç nə qazana bilməyib, ona qəpik-quruş ödəyiblər.
İndiki kimi yadımdadır, 6 yaşım olardı, məktəbdən evə qayıdanda gördüm ki, anam südün içinə su tökür. Səbəbini soruşdum, dedi, heç olmasa, həftənin sonuna qədər çatsın. Bundan sonra ailəmin yaxşı yaşaması üçün əlimdən gələni edəcəyimə söz verdim. Yaxşı futbolçu olmalı idim ki, daha çox pul qazanım, ailəm rahat yaşasın".
Lukaku 1 ay əvvəl 80 milyon avro müqabilində "Mançester Yunayted"dən "İnter"ə keçib. O, Milan klubu ilə 5 illik müqavilə bağlayıb. Cari mövsüm İtaliya A Seriyasında 2 dəfə irqçi şüarlarla təhqir edilən hücumçu yeni klubunda 7 oyuna 3 qol vurub.