"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bu mövsüm də Çempionlar Liqasındakı uğursuzluq seriyasını qıra bilməyib.

Rekord.az xəbər verir ki, 49 yaşlı mütəxəssisin çalışdırdığı İngiltərə təmsilçisi dünən 1/4 finalda "Lion"a 1:3 hesabı ilə məğlub olaraq mübarizəsini dayandırıb.

Bununla da Qvardiola baş məşqçisi olduğu komandalarla 9 ildir turnirin finalına çıxa bilmir. O, son dəfə "Barselona" ilə həlledici mərhələyə vəsiqə əldə etməyi bacarmışdı. Komanda həmin matçda “Mançester Yunayted”i 3:1 hesabı ilə udaraq kuboku qazanmışdı.

Bir mövsüm sonra Kataloniya təmsilçisi yarımfinala qədər irəliləsə də, “Çelsi” səddini keçə bilməyib- 0:1, 2:2.

2012-ci ildə Kataloniya klubu ilə yollarını ayıran Qvardiola bundan sonra karyerası ərzində “Bavariya” və “Mançester Siti” iə yarımfinalda gücünü sınayıb. Lakin onun komandaları final mərhələsinə vəsiqə əldə etməyi bacarmayıb.