A Seriyanın stadionları: Siyasi xadimdən döyüşçüyə kimi YAZI + FOTOLAR
- 14 May 2020 15:00
- 792
İtaliya futbol stadionlarının tarixi zəngin və rəngarəngdir. Bu gün onların əksəriyyəti mənəvi qocalmış, müasir yarışların keçirilməsinə yararsız hesab edilsə də, "stadio"lar özlərinin unikal memarlıq abidəsi statuslarını qoruyur, bununla da əbədiliklərini təmin edirlər. Hər biri individual anlam ifadə edən bu qurğuların bəzilərinə müxtəlif tarixi personaların adları verilib. Sözügedən şəxslər kimlərdir? Nə üçün arenaların giriş hissələrinin gözə görünən yerlərində məhz onların isimləri həkk edilib?
İstisna metod
Apennindəki arenaların heç də hamısı bizim araşdırma mövzumuza uyğun gəlmir. "A" Seriyası oyunlarının keçirildiyi 16 stadiondan 2-si "Olimpiko" adlanır. Roma və Turində yerləşən bu arenalarda 4 komanda: "Roma", Latsio", "Yuventus" və "Torino" rəqiblərini qəbul edirlər. Neapoldakı "San-Paola", Sardiniyadakı "Sant Elia" müqəddəslərin adlarını ifadə edir. Udinenin "Friuli" stadionunun identifikasiyası zamanı sözügedən şəhərin yerləşdiyi əyalətin adına istinad edilib. "Leççe"nin ev oyunlarını keçirdiyi "Via del Mare" qurğusunun ismi isə nə hər hansı mərasim, əhalinin dini inanc mənbəyi olan varlıq, coğrafi məkanla bağlıdır. İtalyancadan tərcümədə "Küçə və dəniz" anlamını verən bu adın arxasında dayanan ideyanı yalnız yerli dili bilənlər, Apenninin sözügedən bölgəsinin geo-iqlim xüsusiyyətlərindən xəbərdar olanlar düzgün müəyyənləşdirməyə qadirdirlər. "Atleti Azzurri de İtalia" da "soyadsız" arenalar qrupuna daxildir. Berqamonun əsas stadionu italyan atletlərin şərəfinə adlandırılıb. Beləliklə, istisna metodu yolu ilə "A" Seriyası "mübarizə məkanları"ndan 9-unun bizim tematikaya aid olduğu aydın olur. İsimləri müxtəlif arenalarla assosiasiya edilən şəxsiyyətlər sırasında siyasi-ictimai xadimlər, klub prezidentləri, xeyriyyəçilər, döyüşçülər və futbolçular var.
İctimai xadim və futbolçu
İtaliyanın məşhur idman funksionerlərindən Artemio Franki öz istedadını nəinki Apennin miqyasında eləcə də, beynəlxalq arenada göstərə bilmişdi. Bir müddət "Fiorentina"da çalışan təşkilatçı tədricən renomesini artıraraq, ölkənin yuxarı futbol dairələrinə doğru voyajına start verir. Federasiyanın rəhbərliyinə kimi qalxan Frankinin səriştəsi onun FİFA-nın vitse-prezidenti seçilməsini təmin edir. 1973-1983-cü illər arasında UEFA başqanı vəzifəsində çalışan futbol xadiminin uzun müddət Avropanın ali qurumuna rəhbərlik edəcəyi təxmin edilirdi. Lakin Frankinin avtoqəza nəticəsində dünyasını dəyişməsi bütün perspektivlərin üstündən xətt çəkdi. Onun kalço qarşısındakı əvəzsiz xidmətləri bü gün hamı tərəfindən qəbul edilir. 1960-cı illərin ortası italyan futbolunun dirçəməsi istiqamətindəki görülən layihələr ilk növbədə Frankinin personası ilə əlaqələndirilir. O zaman İFF prezidenti Avropa çempionatının ölkəsində keçirilməsini təmin etmiş, "Squadra Azzurra"nın beynəlxalq imicini bərpa etməsinə nail olmuşdu. Hal-hazırda İtaliyanın 2 stadionu - Florensiya və Sienada yerləşən arenalar onun adını daşıyır. Bununla yanaşı Apennində yerləşən bir çox idman qurğuları, məktəblər əfsanəvi prezidentin tarixi xidmətlərinin maddi daşıyıcısı kimi mövcuddurlar.
"Milan" və "İnter"in ev oyunlarını keçirdikləri arena uzun müddət San-Siro ismi ilə (yerli müqəddəslərdən birinin adına uyğun olaraq) yaşayırdı. 1979-cu il Cüzeppe Meazzanın dünyasını dəyişməsindən sonra isə stadionun ikinci adı meydana gəldi. Həmşəhərlilər arasındakı paritetin qorunması naminə "rəqqas" ləqəbli futbolçunun isminin məşhur arenaya verilməsi məntiqli görünürdü. Belə ki, San Siro daha çox "rossonerlər" düşərgəsində qəbul olunan müqəddəs idi və "göy-qaralar"ın azarkeşləri bu məqamı ədalətsizlik kimi qəbul edirdilər. Meazza isə uzun illər "İnter"in formasını geyinmiş, "nerazzurra"nın simvoluna çevrilmişdi. O, bombardir, həlledici zərbələrin mahir ifaçısı idi. Meazzanın persona əhəmiyyətliliyi yalnız "nerazzurra" çərçivəsi ilə məhdudlaşmırdı. O, karyerasının bəlli bölümünü "Yuventus", "Bolonya" və "Milan"a ("rossoner" dönəmi qısa müddəti əhatə etdiyindən o, "qırmızı-qaralar" üçün ikonik sima deyil) həsr etmişdi. "Squadra Azzurra" ilə iki dəfə dünya çempionu ( 1934, 1938) olan futbolçu 1983-cü ildə keçirilmiş sorğuya əsasən İtaliyada bütün zamanların ən güclü oyunçusu adına layiq görülmüşdü. Apennində çoxları hesab edirlər ki, kalçonun digər tanınmışlarından Dino Zoff, Cianni Rivera, Cankinto Faketti, Franko Barezi, Roberto Baccio kimilər də bu aspektdə "Peppino" ilə müqayisə oluna bilməzlər. Xatırladaq ki, Cuzeppe Meazza adı hələ də "rossonerlər" tərəfindən qəbul olunmur. Odur ki, stadionun adı ev oyununu keçirən tərəfdən asılı olaraq, dəyişir.
Prezidentlər
Bir çox arenalar klublarının tarixi inkişafında böyük xidmətlər göstərmiş prezidentlərin adlarını daşıyırlar. "Bolonya"ya 1934-1964-cü illər arasında rəhbərlik etmiş Renato dal Ara bu şərəfə layiq görülənlər sırasındadır. "Rossoblu" özünün 5 "skudetto"sunu məhz sözügedən dönəmdə əldə edib. Sonuncu çempionluğun dal Aranın ölümündən 4 gün sonra qazanılması faktı isə mövcud reallığı dəyişmir. 1964-cü ilin iyununda keçirilən yekun qarşıdurmada bolonyalılar yumruq kimi birləşərək, Elenio Erreranın əfsanəvi "İnter"ini 2:0 məğlub etmişdilər.
Ancelo Massimino isə 25 il (1964-1999) Kataniya klubuna rəhbərlik edib. Onun zamanında siciliyalılar 2 dəfə elitar divizonda yüksəlişə nail olmuş, müəyyən lokal nailiyyətlər əldə etmişdilər. Ölümündən sonra "rossazzurri"nin ev arenasına onun adı verildi. Sözügedən kontekstdə maraq doğuran personalardan digəri Oreste Qranillodur. "Recina" futbol evinin assosiasiya edildiyi bu şəxs keçən əsrin ikinci yarısı İtaliyanın məşhur siyasətçilərindən hesab edilirdi. Əsas işi ilə yanaşı Kalabriya klubuna da rəhbərlik edən Qranillo "Recina"nın 60-ci illərdə müşahidə olunan tərəqqisinin əsas səbəbkarlarındandır. Məhz onun təşkilatı qabiliyyəti, ayırdığı subsidiyalar əyalət təmsilçisinin əvvəlcə "B" Seriyası, sonra isə elitar divizona vəsiqə qazanmasını təmin etmişdi.Siciliyanın digər nümayəndəsi "Palermo"da əfsanəvi prezidentinin adını əbədiləşdirib. 70-ci illərdə kluba rəhbərlik edən Enzo Barberanın xidmətləri adalıların çöküşdən xilas edilməsi, İtaliya kubokundakı uğurlarla müəyyən edilir. Siciliya mühitində qəbul olunan bu şəxsin həm "kölgədəki qüvvələr", həm də rəsmilərlə işləmək bacarığının olduğu bilinir.
Döyüşçü və xeyriyyəçi
Genuyanın "Luici Ferraris" stadionunda iki klub: "Sampdoriya" və "Cenoa" çıxış etsə də, arenanın adı onlardan yalnız birinə aiddir. Karyerasının parlaq dövründə ikincilərin şərəfini qoruyan (1909-1913) Ferraris Birinci Dünya Müharibəsi zamanı cəbhəyə yollanır. 1915-ci ilin 23 avqustunda döyüş meydanında həlak olan 27 yaşlı şəxsin adı o vaxtdan "qriflər" üçün müqəddəsləşib. Onu da əlavə edək ki, "Sampdoriya" azarkeşləri ev arenalarına özləri üçün doğma olan "Marassi" (Genuyanın şimal-şərqində "Luici Ferraris"ə yaxın nöqtədə yerləşən kvartal) adını veriblər. "Bluçerkiati" tiffozilərinin müəyyən etdiyi qeyri-rəsmi isim populyarlığına görə birincidən heç də geri qalmır.
"Kyevo"nun ev matçlarını keçirdiyi stadiona adı verilən Mark-Antonio Benteqodi (1818 -1873) XIX əsrin ikinci yarısının məşhur xeyriyyəçilərindən idi. O, müxtəlif bədən sağlamlığı məşqləri təşkil edir, yerli idman hərəkatının güclənməsinə şərait yaradırdı. Gimnastika, üzgüçülük, qılınc oynatma, su polosu onun prioritetləri sırasında idi.