A Seriyası dayandırıldı - aprelin 3-nə kimi
- 10 Mar 2020 13:20
- 522
Futbol ürə İtaliya A Seriyasında bütün oyunlar koronavirusa görə ləğv olunub.
Rekord.az xəbər verir ki, ölkədə koronavirus epidemiyasının tüğyan etməsi səbəbindən İtaliyanın Milli Olimpiya komitəsi bütün idman yarışlarının 3 aprelə qədər dayandırıldığını elan edib. Bu barədə komitənin saytında məlumat yayılıb.
Qeyd edilir ki, İtaliyanın olimpiya komitəsi beynəlxalq yarışlara təsir edə bilmir, buna görə də ölkənin avrokuboklardakı klublarının ev matçları qrafik üzrə keçiriləcək, amma qarşılaşmalar azarkeşsiz təşkil olunacaq.
Yeri gəlmişkən, İtaliyanın baş naziri Cüzeppe Konte koronavirusla əlaqədar ölkədə vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutan karantin tədbirlərinin genişləndirildiyini elan edib. O, qeyd edib ki, ölkədə koronavirusa yoluxma və ölüm hallarının sayının artması ilə bağlı son məlumatları nəzərə alaraq, hökumət Lombardiyaya və digər bir neçə başqa zonaya aid tədbirləri bütün ölkə üzrə genişləndirməyə qərar verib. Baş nazir dəqiqləşdirib ki, hərəkətlər yalnız tutarlı səbəblər olduğu halda mümkündü. Ölkədə ancaq iş və ya ailə şəraiti üzündən zərurət, həmçinin sağlamlıq vəziyyəti ilə bağlı səbəblər hərəkətə imkan verəcək. Yeni qaydalar martın 10-dan etibarən qüvvəyə minib.
Bundan başqa, Konte İtaliyadakı bütün təhsil müəssisələrinin aprelin 3-nə qədər bağlandığını da elan edib.
Son məlumatlara əsasən, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Koronavirus İtaliyada azı 463 nəfərin həyatına son qoyub.