Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində sonuncu görüşünə çıxıb.

Rekord.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 14-cü turda Rameşbabu Praqnanandha (Hindistan) ilə üz-üzə gəlib.

Ağ fiqurlar Abasova kömək olmayıb və o, ilk görüşdəki kimi rəqibinə uduzub. 14 turun nəticəsinə əsasən, Abasov 3,5 xalla sonuncu - 8-ci yeri tutub.

Hikaru Nakamura (ABŞ) - Dommaracu Qukeş (Hindistan), Vidit Santoş (Hindistan) - Əlireza Firuzca (Fransa), Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ) görüşləri heç-heçə bitib.

Turnirinin qalibi 9 xalla Qukeş olub. Hərəyə 8,5 xal toplayan qrossmeysterlərdən Nakamura ikinci, Nepomnyaşi üçüncü, Karuana isə dördüncü yeri tutub.

Nepomnyaşi turnirdə bir dəfə də uduzmayan (3 qələbə, 11 heç-heçə) yeganə şahmatçıdır.

Qadınlar arasında İddiaçılar Turnirinin qalibi 9 xalla Çin şahmatçısı Tan Çjunyi olub.