Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Ayşən Abduləzimova Macarıstanda növbəti uğurunu qazanıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şəfərini qoruduğu "Vasas" Macarıstan kubokunun finalında "Szent Benedek" klubu ilə qarşılaşıb və 3:1 hesablı qələbə ilə kuboka sahib çıxıb.

Komandasının qələbəsində mühüm pay sahibi olan Ayşən görüşdən sonra Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib: "Bu, mövsümdə ikinci uğurumuzdur. Qələbə münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm. Düşünürəm ki, biz əsl komanda oyunu göstərərək bu uğura imza atdıq".

Millimizin kapitanı komandasının bununla kifayətlənmək fikrində olmadığını da əlavə edib: ""Vasas" hər zaman iştirak etdiyi yarışlara qalib gəlmək üçün qatılır, hər matçda ən gözəl oyun nümayiş etdirməyə çalışır. Fikrimcə, bu istək sayəsində iki uğura imza atmışıq. İlk olaraq MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi olduq, indi isə Macarıstan kuboku qazandıq. Qarşıda bizi çempionat oyunları gözləyir. İnanıram ki, bu matçlarda da qələbə qazanaraq üçüncü hədəfimizə çatacağıq".