Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas" klubu turnirin 4-cü turunda Fransanın "Nantes" kollektivi ilə qarşılaşıb.

Səfərdə baş tutan oyun "Vasas" üçün uğursuz alınıb. Ayşən və rəfiqələri 4 hissə davam edən matçda 1:3 (23:25, 25:15, 22:25, 18:25) hesabı ilə uduzublar.

Macarıstan təmsilçisinin xalsız qaldığı görüşdə yığmamızın üzvü 9 xal qazanıb. Abduləzimova meydan sahiblərini 5 dəfə hücumda, 2 dəfə blokda, 2 dəfə eyslə məyus edib.

Qeyd edək ki, "Vasas" bundan əvvəl keçirdiyi hər üç oyunu da məğlub olub. Hesabında yalnız bir xal olan komanda D qrupunda sonuncu yerdədir.