Abduləzimova və Başnakova yenə sevinə bilmədilər
- 22 Fev 2021 15:00
- 878
Türkiyə çepionatında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvlər - blokçumuz Ayşən Abduləzimova və hücumçumuz Nikalina Başnakova növbəti dəfə meydana çıxıblar. "Rekord.az" xəbər verir ki, voleybolçularımızın şərəfini qoruduqları "Sarıyer BLD" 29-cu tur çərçivəsində "Aydın" klubu ilə qarşılaşıb.
Səfərdə baş tutan görüşə "Sarıyer BLD" pis başlayıb və ardıcıl iki seti məğlub olub. Növbəti hissəni aktivinə yazdıran voleybolçularımızın komandası ümumi hesabdakı fərqi azalda bilib. Lakin bu qonaqların qazandıqları ilk və son set olub. "Sarıyer BLD" 4 hissə davam edən matçda 1:3 (23:25, 23:25, 25:20, 18:25) hesabı ilə uduzub.
"Sarıyer BLD"nin xalsız qaldığı qarşılaşmada Nikalina Başnakova 11 xal qazanıb. O, 7 dəfə hücumda, 3 dəfə blokda, 1 dəfə isə eyslə fərqlənib. Ayşən Abduləzimova isə meydan sahiblərini 6 dəfə məyus edib. O, bu xallardan 3-nü hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb.