Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas" klubu 5-ci tur çərçivəsində İtaliyanın "Conegliano" komandası ilə üz-üzə gəlib.

Görüş italyanların üstünlüyü ilə keçib. Ayşən və rəfiqələri doğma azarkeşlər önündə quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (12:25, 19:15, 13:25).

Macarıstan təmsilçisinin növbəti dəfə uduzduğu qarşılaşmada millimizin üzvü 2 xal qazanıb. Abduləzimova qonaqları 1 dəfə hücumda, 1 dəfə blokda məyus edib.