Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının final mərhələsində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, kapitanımızın formasını geyindiyi "Vasas" bu etapda "Bekescsaba" klubu ilə üz-üzə gəlir. 

Cütün ilk iki matçı gərginliyi ilə yadda qalıb. 5 set davam edən bu görüşlərdə tərəflər hərəyə bir qələbə qazana biliblər. Növbəti qarşılaşma da əvvəlkilərdən fərqlənməyib və yenə 5 hissə davam edib. Oyun "Vasas" üçün pis başlayıb və komanda 0:2 hesabı ilə geri düşüb. Lakin bundan sonra təşəbbüsü ələ alan Ayşən və rəfiqələri ardıcıl iki setdə qalib gəlməklə görüşün taleyini tay-brekə daşıyıb. Həlledici hissədə isə voleybolçumuzun komandası daha dəqiq oynayıb və 3:2 (23:25, 18:25, 26:24, 25:20, 16:14) hesablı qələbəni bayram edib. 

Komandasının möhtəşəm geridönüş etdiyi matçda yığmamızın üzvü 13 dəfə fərqlənib. Abduləzimova bu xallardan 8-ni hücumda, 4-nü blokda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, ümumilikdə  3 qələbə qazanacaq komanda çempion adına sahib çıxacaq. Hazırda ümumi hesab 2:1 "Vasas"ın xeyrinədir. Cütün növbəti oyunu mayın mayın 8-də keçiriləcək. Həmin qarşılaşmada kapitanımızın komandası qələbə qazansa Macarıstan çempionu olacaq. Əks təqdirdə son oyuna ehtiyac yaranacaq.