ABŞ nəşri Rusiya millisinin üzvü haqda maraqlı fakt ortaya qoydu
- 16 Fev 2022 17:19
- 586
Pekin Qış Olimpiya Oyunlarında dopinq testindən keçə bilmədiyi üçün manşetlərə düşən, bazar ertəsi isə Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı ilə iştirakına icazə verilən Kamilə Vəliyeva ilə bağlı yeni faktlar məlum olub.
Rekord.az xəbər verir ki, "New York Times" 15 yaşlı rusiyalı konkisürən, Olimpiya qızıl medalçısı ilə bağlı mühüm sənədləri ortaya çıxarıb.
Sözügedən sənədlərdə Vəliyevanın qanında üç müxtəlif maddənin olduğu üzə çıxıb. Stokholmdakı bir laboratoriyaya istinad edən nəşr idmançının üç fərqli ürək dərmanı içdiyini bildirib. Onun qadağan olunmuş trimetazidinlə yanaşı, qadağan olunmuş siyahıda olmayan daha iki ürək dərmanının - hipoksen və L-Karnitinin izləri aşkar edilib.
ABŞ Antidopinq Agentliyinin rəhbəri Travis Tayqart məlumatı təsdiqləyib: "Bu, üç maddənin qarışığıdır, onlardan ikisinə icazə verilir və birinə icazə verilmir. Belə bir dərman qarışığı dözümlülüyü artırır, yorğunluğu azaldır və effektivliyi yüksəldir".
Kamilə özü də testin nəticəsinin müsbət çıxmasını babasının ürək həbini səhvən qəbul etməsiylə əlaqələndirib.
"New York Times"in xəbərinə görə, idmançının babası nəvəsini dəstəkləyən video bəyanat verib və həqiqətən də ürək problemləri üçün trimetazidin istifadə etdiyini bildirib.
Xatırladırıq ki, 15 yaşlı Vəliyeva Pekində komanda çıxışında qızıl medal qazanıb.