ABŞ səfirliyinin təşəbbüsüylə bu ölkədən qadın güləşi üzrə 14 mütəxəssis Azərbaycanda səfərdədir.

Rekord.az xəbər verir ki, mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, idmançılara "ustad dərsi" keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.

Dünən bu məqsədlə nümayəndə heyəti AGF-nin təlim-məşq bazasında olub. Qadın güləşi üzrə millinin məşqçilər heyəti və güləşçilərlə görüşən qonaqlar komandanın məşq prosesində yaxından iştirak ediblər. Sonda xatirə şəkli çəkdirilib və federasiya tərəfindən amerikalı məşqçilərə hədiyyələr təqdim edilib.

Nümayəndə heyəti səfər çərçivəsində Göygöl, Lənkəran və Masallıda yerləşən olimpiya idman komplekslərində də analoji tədbirdə iştirak edəcək. Səfərin məqsədi ölkəmizdə qadın güləşinin inkişafına və təbliğatına dəstək verməkdir.