"Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində NTD-yə qarşı keçirdikləri ilk oyunu dəyərləndirib.


Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.


O, 88:74 hesablı qələbədən məmnun olduqlarını bildirib:


"Yaxşı müdafiə olunaraq, əla mübarizə apardıq. Yaxşı müdafiə bizə hücumda da effektli olmağa kömək etdi. Mövsüm ərzindəki əksər oyunlardan daha yaxşı oyun sərgilədik. Konsentrasiyanı çox az əldən verdik. Bütün basketbolçular, xüsusilə meydana çıxan yerlilər komandaya böyük dəstək verdilər. NTD yaxşı formada olan komandadır. Lakin bir çatışmazlıqları var idi. Tək oyunqurucusu ilə oynamaq məcburiyyətində idilər. Bu, onlar üçün də alışmadıqları durumdur. Bizim üstünlüyümüz məhz bunda oldu".


Toker tərəflər rasında baş tutacaq ikinci matçla bağlı fikirlərini bölüşüb:


"Bu nəticənin növbəti oyuna pozitiv təsirinin olacağına ümid edirəm. Bunu hər zaman deyirəm. Burada günlük performans daha vacibdir. Budəfəki kimi yaxşı müdafiə olunub, komanda oyununu icra edə bilsək, növbəti görüşü də qələbə ilə başa vura bilərik".


Qeyd edək ki, komandalar arasında növbəti matç aprelin 14-də keçiriləcək. Cütün qalibi 1/4 finalda "Naxçıvan"ın rəqibi olacaq.