AÇ-2020-də iştirak edəcək milli komandaların heyətində yer alacaq futbolçuların sayı artırılıb.

Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Turnirdə iştirak edəcək millilərin hər biri AÇ-2020-yə 23 yox, 26 oyunçu sifariş edə biləcək. Bununla belə, hər oyunun iştirak ərizəsində 23 futbolçu yer alacaq.

Milli komandalar heyətlərini iyunun 1-nə qədər UEFA-ya təqdim etməlidir. Ciddi zədə və ya xəstəlik olduqda, həkimdən arayış gətirməklə, ilk oyunadək iştirakçı siyahısında dəyişiklik etmək olar.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Turnirə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.