AÇ-2024-ə doğru: ilk çempionat nə vaxt, harada keçirilib, qalib kim olub?
- 29 Apr 2024 11:06
- 811
İyunun 14-dən iyulun 14-nə qədər Almaniyada futbol üzrə növbəti Avropa çempionatı start götürəcək. 10 şəhərin 10 stadionunda baş tutacaq çempionatda 24 komanda iştirak edəcək. Bu, almanların ev sahibliyi edəcəyi üçüncü çempionat olacaq. Daha öncə Avropa çempionatı 1988-ci ildə, o zaman Federal Almaniya adlanan Almaniyada keçirilmişdisə, 2001-ci ildə (koronavirus pandemiyası səbəbindən AVRO-2000-inj təşkili 1 il yubanmışdı) isə Almaniya bir neçə ölkə ilə birlikdə bu turnirə ev sahibliyi etmişdi. Bu mənada AÇ-2024 vahid Almaniyanın tək ev sahibliyi edəcəyi ilk Avropa çempionatı olacaq. Almaniyada keçiriləcək turnir sayca 17-ci olacaq.
"Rekord.az" bu gündən etibarən Avropa çempionatları haqqında silsilə yazılara start verir, oxucuları "köhnə dünya"nın bu ən vacib futbol yarışının - bütün 16 çempionatın - tarixi ilə tanış etməyə başlayırıq. Əmin olun ki, maraqlı olacaq!
İlk turnir nə vaxt keçirilib, ev sahibi kim olub, qalib hansı ölkə olub?
Başlayaq, ən başlanğıcdan!
Beləliklə:
Futbol üzrə ilk Avropa çempionatı 1960-cı ildə Fransada keçirilib.
Həmin turnirdə cəmi 4 komanda iştirak edib: SSRİ, Yuqoslaviya, Çexoslovakiya və Fransa. Oyunlar Parisin "Park de Prens" və Marselin "Velodrom" stadionlarında baş tutub. "Park de Prens" yarımfinalı və finalı, "Velodrom" isə ikinci yarımfinal və üçüncü yer uğrunda oyunları qəbul edib. İlk Avropa çempionatı cəmi 4 gün - 6-10 iyul - sürüb. Maraq üçün deyək ki, İngiltərə, Niderland, Almaniya, İtaliya, Şotlandiya, Uels və Şimali İrlandiya kimi ölkələr, ümumiyyətlə, turnirə maraq göstərmədiklərindən, heç təsnifat mərhələyə də qatılmamışdılar. Təsnifat mərhələsində cəmi 17 komanda iştirak etmişdi. Daha bir maraqlı məlumat odu ki, İspaniya təsnifat mərhələsinə qatılmağa razılıq versə də, sonrada siyasi səbəblərdən SSRİ ilə oynamaqdan imtina etmişdi.
İlk Avropa çempionatının təsnifat mərhələsində ilk qolu irlandiyalı Liam Tuohi vurub. O, 1959-cu il aprelin 5-də ilkin raundun Dublində baş tutmuş İrlandiya - Çexoslovakiya matçında fərqlənib. Həmin görüşdə irlandlar 2:0 hesabı ilə qalib gəlsələr də, mayın 10-da Praqada keçirilmiş cavab görüşündə 0:4 hesabı ilə məğlub olaraq, final mərhələsinə getmək şansını itirmişdi. Maraqlıdır ki, sonradan İrlandiya millisinin baş məşqçisi olmuş Tuohi təsnifat mərhələsi oynanılan dövrdə "Şemrok Rovers" klubunda forma geyinsə də, paralel olaraq həm də pivə zavodunda işləyirdi.
Liam Tuohi
İlk Avropa çempionatının formatı da sadə olub. 4 komanda öncə yarımfinalda qarşılaşıb. Qaliblər finalda ilk Avropa çempionunun kimliyini müəyyən edib. "Park de Prens"dəki ilk yarımfinal matçında Yuqoslaviya meydan sahibləri Fransanı 5:4 hesabı ilə məğlub edib. "Velodrom"dakı ikinci yarımfinal matçında isə SSRİ Çexoslovakiyadan üstün olub - 3:0. Sovet futbolçuları finalda da üstün oynayaraq Yuqoslaviyanı 2:1 hesabı ilə məğlub edib və ilk Avropa çempionları kimi tarixə düşüb. Qalib komandanln baş məşqçisi Qavriil Kaçalin olub. 3-cü yer uğurunda görüşdə isə Çexoslovakiya Fransanı 2:0 hesabı ilə məğlub edib.
İlk Avropa çempionatının final matçını ingilis Artur Edvard Ellis idarə edib.
Artur Edvard Ellis
Avropa çempionatları tarixində ilk qolu isə Yuqoslaviya yığmasının hücumçusu Milan Qaliç vurub. O, fransızlarla yarımfinal görüşünün 11-ci dəqiqəsində hesabı açıb.
Milan Qaliç
İlk Avropa çempionatının bombardiri adını isə hərəyə 2 qol vuran beş futbolçu qazanıb: Milan Qaliç (Yuqoslaviya), Fransua Ott (Fransa), Valentin İvanov (SSRİ), Drajan Yerkoviç (Yuqoslaviya), Viktor Ponedelnik (SSRİ)
Bütün matçlar
1/2 final
Fransa - Yuqoslaviya - 4:5
Qollar: Vensan, 12; Ett, 43, 62; Visnyeski 53 - Qaliç, 11; Janetiç, 55; Knez, 75; Yerkoviç, 78, 79
6 iyul, Paris, "Park de Prens", 26370 tamaşaçı
Baş hakim: Qaston Qranden (Belçika)
Yuqoslaviya: Şoşkiç, Durkoviç, Yusufi, Janetiç, Zebets, Peruşiç, Knez, Yerkoviç, Qaliç, Şekularats, Kostiç
Fransa: Lamia, Vendlinq, Erben, Rodzik, Marsel, Ferrye, Ett, Müller, Visnyeski, Stivenar, Vensan
"Park de Prens"
1/2 final
Çexoslovakiya - SSRİ 0:3
Qollar: Valentin İvanov, 35, 58; Ponedelnik, 64
6 iyul, Marsel, "Veledrom", 25184 tamaşaçı
Baş hakim: Çezara Yonni (İtaliya)
Çexoslovakiya: Şroyf, Şafranek, Popluqar, Novak, Bubernik, Masopust, Voyta, Bubnik, Kvaşnyak, Moravçik, Dolinski
SSRİ: Yaşin, Çoxeli, Maslyonkin, Krutikov, Voynov, Netto (k), Metreveli, İvanov, Ponedelnik, Bubukin, Mesxi
"Velodrom"
3-cü yer uğrunda oyun
Çexoslovakiya - Fransa 2:0
Qollar: Pubnik, 58; Pavloviç 88
9 iyul, Marsel "Velodrom", 9438 tamaşaçı
Baş hakim: Çezara Yonni (İtaliya)
Çexoslovakiya: Şroyf, şafranek, Popluqar, Nivak, Bubernik, Masopust, Pavloviç, Voyta, Molnar, Bubnik, Dolinski
Fransa: Teyandye, Rodzik, Jonke, Şorda, Marsel, Syatka, Ett, Dui, Visnyeski, Stivenar, Vensan
Final
SSRİ - Yuqoslaviya 2:1
Qollar: Metreveli, 49; Ponedelnik, 113 - Qaliç, 43
10 iyl, Paris, "Park de Prens". 17966 tamaşaçı
Baş hakim: Artur Edvard Ellis (İngiltərə)
SSRİ: Yaşin, Çoxeli, Maslyonkin, Krutikov, Voynov, Netto (k), Metreveli, Val. İvanov, Ponedelnik, Bubukin, Mesxi
Yuqoslaviya: Vidiniç, Durkoviç, Yusufi, Janetiç, Miladinoviç, Peruşiç, Şekularats, Yerkoviç, Qaliç, Matuş, Kostiç
Avro-60-ın simvolik yığması:
AVRO-1960-ın simvolik komandasına kimlər daxil olub?
Lev Yaşin (SSRİ), Vladimir Durkoviç (Yuqoslaviya), Ladislav Novak (Çexoslovakiya), İqor Netto (SSRİ), Yozef Masopust (Çexoslovakiya), Valentin İvanov (SSRİ), Slava Metreveli (SSRİ), Milan Qaliç (Yuqoslaviya), Viktor Ponedelnik (SSRİ), Draqoslav Şekularats (Yuqoslaviya), Bora Kostiç (Yuqoslaviya)
Bunlar da maraqlıdır:
* Futbol üzrə ilk Avropa çempionatını keçirmək ideyası Fransa Futbol Federasiyasının baş katibi Anri Deloneyə məxsusdur. O, hələ 1927-ci ildə FIFA-ya yığma komandalar üçün Avropa turnirinin keçirilməsi ideyasını təklif edib. 1954-cü ildə UEFA-nın birinci baş katibi olduqdan sonra o, öz fikrinə qayıdıb. Anri Delone 1955-ci ildə vəfat edib, lakin elə həmin il onun oğlu Pyer Avropa Millətlər Kuboku Təşkilat Komitəsinin katibi olub. Turnirin əsas kuboku Anri Delonenin adı ilə adlandırılıb. Turnirdə iştirak haqqı hər komanda üçün cəmi 200 İsveçrə frankı idi.
Anri Delone
* Yuqoslaviyanın yarımfinalda Fransa üzərində 5:4 hesablı qələbəsi AVRO-nun final mərhələlərinin tarixində ən məhsuldar oyun olaraq qalır.
* Fransada keçirilmiş turnirdə hər matç üzrə orta nəticə 4,25 qol olub. Bu, çempionatın bütün matçları arasında rekord göstəricidir.
* Bürünc medal uğrunda oyunda Çexoslovakiya üçün qol vurmuş Vlastimil Bubnik 1964-cü il Olimpiadasında şaybalı hokkeydə bürünc medal qazanıb.
* "Qızıl" qolu vurmuş Ponedelnikin xatirələrindən: "Final Moskva vaxtı ilə bazar günü saat 22-də başladı, əlavə vaxt isə artıq gecə yarısı oynanılırdı, yəni, bazar ertəsi günü. Bununla bağlı jurnalistlər sonradan mənim soyadımı (rusca "ponedelnik" bazar ertəsini bildirir – red.) başlıqlarda necə gəldi oynatdılar!"
* Qalibiyyətə görə hər sovet futbolçusu 200 dollar alıb. Eyfel qülləsindəki restoranda baş tutmuş ziyafətdə "Real"ın prezidenti Santyaqo Bernabeu da iştirak edib. Sovet futbolçlusu Ponedelnikin sözlərinə görə, Barnebau onların komandasının yarısını dərhal almağa hazır idi: "Lakin biz bu söhbətlərdən qaçırdıq".
Hazırladı: Anar XANLAROV