Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Litvaya qarşı keçirəcəyi oyunlara təyinatları açıqlanıb.

Rekord.az xəbər verir ki, fevralın 28-də 5-ci qrupun 3-cü turu çərçivəsində təşkil olunacaq görüşü moldovalı hakimlər idarə edəcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşmada ədaləti Dorian Sirbu və Viktor Serdyuk qoruyacaqlar. Saat 17:00-da başlayacaq oyunda Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını türkiyəli Kənan Sivrikaya yerinə yetirəcək.

Bu komandaların 4-cü turda Vilnüsdəki duelini isə Macarıstandan olan Sofiya Marton və Rita Dane idarə edəcəklər. Martın 3-də "Avia Solyuşens Qrup Arena"da baş tutacaq oyunun EHF nümayəndəsi isə polşalı Çezari Kuleşa olacaq.

Hər iki komanda ilk iki turda İspaniya və Şimali Makedoniyaya məğlub olub.