Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.

Turan Daşdəmirov (45 kq) yunanıstanlı Atanasios Tsinias (9:0), gürcüstanlı Jaba Bolkvadze (9:1) və ermənistanlı Yurik Mxitaryan (8:0) üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevlə qızıl medal uğrunda mübarizə aparacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Əli Seyidəlili (51 kq) fransalı Nolan Pissoçeri çətinliklə üstələyib - 2:1. Yarımfinalda isə macarıstanlı Peter Totok keçilməz olub - 0:5. Seyidəlili bürünc medal uğrunda güləşəcək. Rəqib Maksim Zaxarov (UWW) – Edqar Juharyan (Ermənistan) görüşünün qalibi olacaq.

Nurlan İbadzadə (60 kq) sloveniyalı Reno Simunkoviçə tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda belaruslu Kiril Valeuskiyə "tuş"la məğlub olub. İbadzadə təsəlliverici görüşdə fransalı Bilel Qarbiylə qarşılaşacaq.

Cavidan Nehmətov (71 kq) debütdə rumıniyalı Andrey Olteanuya gücünü göstərib - 8:0. Ancaq 1/8 finalda serbiyalı Oqnyen Todosiyeviçlə bacarmayıb - 4:8.

Mikayıl İsmayılov (92 kq) xorvatiyalı Andrey Rodinə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, rusiyalı Saypula Qadjimaqomedova 0:4 hesabıyla uduzub. İsmayılov təsəlliverici görüşdə serbiyalı Stefan Kojiçlə üz-üzə gələcək.

Təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar iyulun 14-də keçiriləcək.