AÇ: Elnurə gümüş, Nigar bürünc medal qazandı
- 10 Mar 2022 22:00
- 499
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, üçüncü yarış günündə qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
Şəhanə Nəzərova (50 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2. Həmyerlimiz yarımfinalda macar Şimonetta Şekerlə qarşılaşıb və məğlubiyyətdən qaça bilməyib - 0:8. Nəzərova bürünc medal üçün almaniyalı Liza Ersellə güləşib. Görüş dramatik alınıb. Xala-xal prinsipiylə keçən qarşılaşmanın sonlarında təşəbbüsü əldən verən Şəhanə rəqibinə 8:9 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.
Elnurə Məmmədova (55 kq) 1/4 finalda slovakiyalı Mariya Martinçuku məğlub etməkdə çətinlik çəkməyib - 10:3. Güləşçimiz yarımfinalda moldovalı Mixaela Samoilə də heç bir şans tanımayıb - 11:4. Beləliklə, finala yüksələn Məmmədova rumıniyalı Andrea Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxıb. Bu görüşdə güclü rəqibiylə bacarmayan Elnurə gümüş medalı boynundan asıb.
Nigar Mirzəzadə (68 kq) 1/4 finalda slovakiyalı Olqa Maslovskanı üstələyib - 4:1. Millimizin üzvü yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya üçüncüsü olmuş Aslı Demirlə üz-üzə gəlib. Türkiyə güləşçisi bu mübarizədən qalib ayrılıb - 6:0. Nigar bürünc medal uğrunda qarşılaşmada ispan Marta Navarroyla güləşib və rəqibini 6:3 hesabıyla məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxıb.